"Türkiyə iqtisadiyyatında fundamental institusional problemlər var".
Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, Prezident seçkilərinin nəticələrindən asılı olmayaraq bu problemlərin çox qısa zamanda və sehrli çubuqla həlli mümkün deyil: "Hazırda Ərdoğan yenidən prezident seçildi. Lakin müxalifət seçilmiş olsaydı belə qısa zaman ərzində verdikləri vədləri yerinə yetirmək, iqtisadiyyatda ciddi dönüş yaratmaq mümkün olmayacaqdı. Çünki Türkiyə iqtisadiyyatında idxaldan, enerji daşıyıcılarından ciddi asılılıq var. İxrac və idxal əməliyyatlarında müəyyən balanssızlıq mövcuddur. Mərkəzi bankın müstəqil fəaliyyəti məhdudlaşdırılıb, büdcə xərclərinə nəzarət mexanizmi zəifləyib. Zəlzələnin dağıdıcı təsirləri olub, hansı ki, 10 vilayətə ziyan dəyib".
Ekspert qeyd edib ki, bütün bunlar Türkiyəyə əlavə vəsait ehtiyacı yaradır: "Əlavə vəsait mənbələri isə məhduddur. Ya gərək Türkiyə yenidən çox böyük borcların altına girməlidir və yaxud da Türk lirəsinin daha böyük çap olunma variantı da var. Yəni bazara daha çox türk lirəsi girməlidir ki, təmir-tikinti işlərini görə bilsinlər. Bu isə iqtisadiyyatın qızıl qanunudur ki, pul sayı artıqca inflyasiya artır, valyutanın məzənnəsi də yüksəlir".
"Ona görə də yaxın zamanlarda hansısa sehrli formul yoxdur ki, Ərdoğan o formuldan istifadə edərək ölkə iqtisadiyyatını düzəltsin. Təssüf ki, həm inflyasiya, həm lirənin dəyərdən düşməsi yazın zamanlarda da davam edəcək. Bunun qarşısını kəsəcək, iqtisadiyyatda yeni dalğalar yarada biləcək bir hərəkətlilik görünmür", - N. Cəfərli deyib.
Seymur Bənnayev
Sitat.info