Rusiya Müdafiə Nazirliyi Ukraynanın Donetskə genişmiqyaslı hücumunun dəf edildiyini bəyan edərək, 250-dən çox Ukrayna əsgərinin həlak olduğunu iddia edib.
Sitat.info xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Ukrayna ordusunun dünən səhər saatlarında Donetskin cənubunda cəbhə xəttində 6 mexanikləşdirilmiş və 2 tank batalyonu ilə genişmiqyaslı hücuma keçdiyini açıqlayıb.
Ukrayna ordusunun cəbhənin ən həssas bölgəsi kimi gördüyü nöqtəni ələ keçirərək irəliləməyi hədəflədiyini qeyd edən Konaşenkov hücumun dəf edildiyini bildirib.
Konaşenkov deyib: “Düşmən uğursuz oldu. Ukrayna ordusu 250-dən çox əsgər, 16 tank, 3 piyada döyüş maşını, 21 zirehli döyüş maşını itirib".
Nazirlik tərəfindən paylaşılan videoda açıq sahədə hərbi maşınların atəşə tutulduğu anlar yer alıb.
Seymur Bənnayev
Sitat.info