Xerson vilayətinin Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin Kaxovka bəndinin vurulması nəticəsində su basmış Xerson vilayətində suyun səviyyəsinin 20 santimetr aşağı düşdüyünü açıqlayıb.
Sitat.info xəbər verir ki, Prokudin sosial media hesabından verdiyi video açıqlamada seldən zərər çəkmiş Xerson bölgəsindəki son vəziyyəti dəyərləndirib.
Suyun səviyyəsində azalma tendensiyası müşahidə olunduğunu bildirən Prokudin deyib: "Gecə saatlarında suyun 20 santimetr aşağı düşdüyünü görürük. Səhər saatlarına görə bölgədə suyun səviyyəsi 5,38 metrdir. Xerson şəhərində 5,35 metr səviyyəsindədir”.
Prokudin bildirib ki, bölgənin 32 yaşayış məntəqəsində 3624 ev su altında qalıb, 2352 nəfər və 550-yə yaxın heyvan təxliyə edilib.
Ukrayna Su Elektrik Stansiyaları Korporasiyasının (Ukrgidroenergo) sosial media hesabından edilən açıqlamada Kaxovka bəndində suyun səviyyəsinin azalmağa davam etdiyi bildirilib.
Nikolpol şəhəri yaxınlığındakı bənddə suyun səviyyəsi səhər saat 08:00-a 11,74 metr təşkil edib. İyunun 6-sı səhər saatlarından su 4,7 metr azalıb.
Seymur Bənnayev
Sitat.info