"Türkiyədə ənənə halını alıb ki, kim prezident seçilsə və yaxud da bundan öncə Konstitusiyaya görə baş nazir seçilirdisə, ilk səfərini Şimali Kipr Türk Respublikasına edirdi. SSRİ dağıldıqdan sonra isə ənənəyə görə ikinci səfər Azərbaycana edilir".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, əslində Azərbaycana edilən səfər ilk rəsmi səfər sayılır: "Çünki Şimali Kipr Türk Respublikasını Türkiyədən başqa heç bir dövlət tanımır. Türkiyənin bu cür ənənəyə sadiq qalması ondan xəbər verir ki, birinci Türkiyə rəsmiləri Şimali Kipri "yavru vətən", Azərbaycanı isə "can Azərbaycan" adlandırır. Bu ölkələr Türkiyənin iki əsas müttəfiq tərəfdaşdır. Əsas strateji müttəfiqi isə Azərbaycandır".
Ekspert qeyd edib ki, Şimali Kipri dünyada tanıtmaq üçün Türkiyənin dəstəyi davam edir, amma buna hələ müəffəq olunmayıb. Səfərlər isə simvolik xarakter daşıyır: "Yəni xüsusi olaraq hansısa sazişin imzalanması nəzərdə tutulmasa da, bu səfərə uyğun bəlkə də hansısa sənədlər hazırlana bilər. Sadəcə simvolik olaraq və verilən dəyəri göstərmək üçün Şimali Kiprə və ardınca Azərbaycana səfər edilir, müttəfiqliklə bağlı mesajlar verilir. Onsuz da müttəfiqliklə bağlı Şuşa bəyannaməsi imzalanıb. Hazırda yalnızca bu istiqamətdə işləri davam etdirmək lazımdır".
Ayna Fərhad
Sitat.info