İsrailin Suriyanın paytaxtı Dəməşqdəki bəzi hərbi məntəqələrə hava hücumu təşkil etdiyi iddia edilib.
Sitat.info xəbər verir ki, Suriyadakı "SANA" xəbər agentliyi hərbi mənbəyə əsaslanaraq yerli vaxtla saat 01:05-də Dəməşqin cənub-qərbindəki bəzi məntəqələrin İsrail qüvvələrinin hava hücumu ilə hədəfə alındığını iddia edib.
Xəbərdə: "Hava hücumundan müdafiə sistemlərimiz düşmən raketlərini qarşılayaraq bəzilərini vurdu. Bir əsgərin yaralanması ilə nəticələnən hücumda ziyan meydana gəldi", - deyə qeyd olunub.
Hücumla bağlı İsrail rəsmilərindən heç bir açıqlama verilməyib.
Məlumdur ki, Dəməşq və onun kənd ərazilərində Livan Hizbullahının ünsürləri, eləcə də Suriya ordusu və İranın dəstəklədiyi terror qrupları mövcuddur.
2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri İsrail vaxtaşırı İranın dəstəklədiyi qruplaşmalara və Suriya ordusuna aid hərbi məntəqələrə hücumlar təşkil edir.
Seymur Bənnayev
Sitat.info