Boris, sən düz demirsən...

23:10 19 Mart 2022

“Sonuncu ukraynalı qaladək vuruşmağa” çağıran çoxuşaqlı ingilis baş nazir Boris Consondan soruşmaq olar: “Sənin uşaqların uşaq, ukraynalının uşağı otdur, yerdənmi çıxıb?”

Ukraynada atəşkəs əldə etmək mümkün olmur. Əslində, bir-iki istisnalarla(məsələn, Türkiyənin səylərini xüsusi qeyd etmək olar) Putinə və Zelenskiyə hər gün gələn zənglərdə qan axmasının qarşısını almaq üçün ciddi səylər göstərildiyini demək mümkün də deyil. Yalnız ümumi sözlər...

Putinə “dur”, Zelenskiyə “nə qədər gücün var, döz” deməklə iş bitmir. Ortada nəticə olmalıdır. Ukrayna daha çox ərazilərə nəzarəti itirdikcə, Moskvanın formal da olsa, davam edən danışqlara marağı azalır, iştahası isə daha da artır və 19-u gecədən bu ölkəyə qarşı hipersəsli raketlərdən istifadə etməyə başlayıb. Yəni müharibədə daha müasir və dağıdıcı silahlar işə düşməkdədir...

Bu raket zərbəsini Putinin ona “hərbi cani” deyən ABŞ prezidenti Baydenə cavab kimi də qiymətləndirmək olar. Ukraynaya işğalda dirənməkdə “kollektiv Qərb” hər cür dəstək versə də, Kiyevə ən çox sözükeçən ABŞ-dır. Onlar isə Ukrayna üzərindən Rusiya ilə döyüşü davam etdirməkdə qərarlı görünürlər. Ölən ukraynalı, qaçqın düşən ukraynalı... Bayden isə ölü, heç bir ifadəsi olmayan sifəti ilə bəzənir, ayağını-ayağının üstünə aşırıb açıqlamalar verir, yanan odun üzərinə su yox, benzin atır. Zelenski müharibənin ilk günlərində ABŞ-ı ciddi tənqid edirdi, indi isə qoca Conun üzərinə nədənsə, çox getmir...

Bayden hələ vəzifəyə yeni gələndə Rusiya prezidentinə “qatil” demişdi, amma sonra Putinlə oturub danışdı da. İndi isə vəziyyət fərqlidir: müharibə hər gün insanların həyatını qaraldır, uşaqlar ölür. Putin “hərbi canı, qatil”dir. Bəs, siz kimsiniz? “Sonuncu ukraynalı qaladək vuruşmağa” çağıran çoxuşaqlı ingilis baş nazir Boris Conson da son olaraq Putinlə hər hansı danışıqlara qarşı olduğunu deyib. Niyə? Sənin uşaqların uşaq, ukraynalının uşağı otdur, yerdənmi çıxıb? Başa düşürəm, müharibə sentimentallığı sevmir, öz gerçəkləri var. Amma gerçəklik həm də Ukrayna xalqının düşdüyü ağır vəziyyətdir.

Rusiya Qərb liderlərinin çağırışlarına, təhdidlərinə ciddi reaksiya vermir, daha doğrusu “reaksiya” müharibə zonasındakı xalqın başında çatlayır. Əgər Qərbin razılaşmaq istəkləri olsaydı, Ukraynanı bu bəlaya heç salmazdı. Rusiya Ukraynada kollektiv Qərblə döyüşdüyünü bilir. Müharibənin tez və ya gec qurtarmasının artıq Moskva üçün xüsusi əhəmiyyəti qalmayıb. Rusiyaya da bu cür kəskin mövqe sərf edir. Nəticəsiz danışıqlar, sülhün əldə olunmamasından ən çox itirən isə Ukraynadır.

Avropanın bəzi liderləri(məsələn, Almaniya kansleri) indi ayılıblar ki, ABŞ onları da çıxılmaz oyuna salıb. ABŞ bu müharibə və sanksiyalarla onları özündən az qala asılı duruma salıb. Biri “Rusiya ilə anlaşmaq lazımdır” deyirsə, Kiyev liderlərinin ağzı ilə dərhal şantaja məruz qoyulur. Avropa Birliyinin bu müharibədə ciddi zədələndiyini yalnız korəfəhmlər görməyə bilər. Avropa Birliyi ölkələrində iqtisadi gərginlik hər gün artır, bu liderlər sabah seçicisinə cavab verməli olacaqlar. Ukrayna yarası hələ təzədir, amma bir azdan qaçqınlar onların yerlərini dar edəcəklər, iş yerlərini tutacaqlar, sosial gərginlik yaranacaq. O zaman ABŞ qıraqdan durub baxacaq. ABŞ bu dəfə çox böyük oynayır, Əfqanıstandan da o səbəbdən tələm-tələsik çıxıbmış ki, bu oyunları kənar problem olmadan həll etsin. Amma ortada qan-qada varsa, bunun adı şeytan oyunudur...

Bayden Çinin də nəbzini yoxladı. Çinlilər dövlətin nə olduğunu ondan yaxşı bilirlər, ABŞ-ın oyununa gəlmirlər. Hər halda, iki liderin iki saatadək davam edən video-formatda görüşündə Vaşinqtonun istədiyi nəticəni əldə etmədiyi haqda artıq dünya mətbuatı yazır. Çin Avropa deyil. Onu oyuna gətirmək olsaydı, çoxdan dağılmışdı. Çin lideri sanksiyalar qoşulmayacaqlarını, ABŞ-ın diktəsi ilə oturub-durmayacaqlarını anlaşılan deyib. Dünyanın ikinci iqtisadi gücünü yanına almaqla Rusiynı dizini yerə gətirmək olardı. Amma belə görünür ki, alınmadı. Pekin bilir ki, Rusiya aradan çıxarılarsa, onu çökdürərlərsə, növbəti hədəf Çindir. Çinlə isə indilikdə hədə dilində danışmaq heç olmaz, ABŞ-ın ürəyi olan şirkətlər oradadır axı...

Dünya əhalisinin təxminən 40 faizini təşkil edən Çinin və ABŞ-ın Asiyadakı daha bir müttəfiqi Hindistanın Rusiya ilə əlaqələrə davam etdirmək qərarlılığı zəif də olsa, Ukraynada sülhün şansını artırmış oldu. Rusiyanı dışlamaqla, güncə sıxmaqla müharibəni dayandırmaq mümkün olmur, o halda real nəticəsi olan danışıqlara başlamaq hələ də gec deyil. Əgər Ukraynanı son olaraq Rusiyaya yem etmək qərarları varsa, o halda Kiyevin muskullarını oynatmaqdan da vaz keçsinlər. İmkan versinlər ki, xalq və ya onun daha bir ağıllı lideri varsa, o, müharibəni dayandırmaq şansını sınasın...



Xəbər xətti