İranda casusluq ittihamı ilə həbs olunan Fərid Səfərlidən xəbər var.
“Sitat.info” xəbər verir ki, Fəridin anası Dilarə Əsgərova Musavat.com-a bildirib ki, oğlu ilə əlaqə saxlaya bilib.
“Oğlumla danışdıq, ona möhkəm ol, dövlət səviyyəsində müdafiə olunacaqsan dedim. O da cavabında dedi ki, yaxşıdır. Mən kövrəldim danışanda. O dedi ki, mən möhkəməm, əsas sən möhkəm ol. Hər şey yaxşı olacaq. Mən ona təsəlli verməkdən, o mənə ürək-dirək verdi. Özümə söz vermişdim, ağlamayacağam, amma özümü saxlaya bilmədim”, - Dilarə Əsgərova deyib.
Dilarə Əsgərova əlavə edib ki, Fərid günahsız olduğuna əmindir: “Əminliklə dedi ki, heç bir günahı yoxdur. Onun sözlərinə görə, həmin maddə ilə ittiham olunmağına heç bir səbəb yoxdur. İnanıram ki, ədalətli qərar çıxarılacaq. Azərbaycan dövləti hazırda bu işlə məşğul olur. Vəkilin tutulması məsələsini də hökumət həll edəcək. Bəlkə də təyin olunub, yəqin ki, mənə məlumat verəcəklər. Dövlət bu işlə bağlı ciddi məşğuldur. Onlar özləri Fəridlə əlaqə saxlayırlar. Konsulluqdan da Fəridlə müntəzəm danışılır. İnanıram ki, hər şey yaxşı olacaq".