Avstraliya hökuməti Ukraynaya təxminən 74 milyon dollar dəyərində əlavə hərbi yardım edəcəyini açıqlayıb.
Sitat.info xəbər verir ki, "ABC News"un məlumatına görə, Avstraliyanın baş naziri Entoni Albanese verdiyi açıqlamada əlavə hərbi yardım çərçivəsində 28-i zirehli olmaqla ümumilikdə 70 hərbi maşının Ukraynaya göndəriləcəyini bildirib.
Ukraynaya veriləcək təxminən 74 milyon dollarlıq əlavə hərbi yardımın Rusiyada Yevgeni Priqojinin qurduğu muzdlu qrup Vaqnerin üsyanı ilə bağlı olmadığını vurğulayan Albanese, ölkəsinin təxminən hər 4 aydan bir Ukraynaya əlavə yardım etdiyini bildirib.
Albanese əlavə edib ki, ölkədə humanitar ehtiyacların ödənilməsinə dəstək məqsədilə BMT vasitəsilə Kiyevə 6,7 milyon dollar veriləcək.
Müdafiə naziri Riçard Marles də hökumətin Ukraynaya dəstəyini davam etdirəcəyini qeyd edib.
Sözügedən paketlə Avstraliya müharibə başlayandan bəri Ukraynaya təxminən 527 milyon dollar yardım edib.
Baş nazir Albanese Vaqnerin Rusiya hakimiyyətinə qarşı üsyanını Rusiya prezidenti Vladimir Putin üçün “fəlakət” adlandırıb.
"Putinin edə biləcəyi ən yaxşı şey bu qeyri-qanuni işğaldan geri çəkilmək, beynəlxalq hüquqa və Ukraynanın suverenliyinə hörmət etməkdir", - Albanese deyib.
Seymur Bənnayev
Sitat.info