Zelenski Əmin olmadı, Yanukoviç isə Karməl – Kabula dönməyən Kiyevin dirənişi

13:15 23 Mart 2022

Yazıya giriş sualı belədir: Rusiyanın Ukraynaya hərbi müdaxiləsini SSRİ-nin 1979-cu ilin dekabrın 25-də Əfqanıstana etdiyi intervensiya ilə müqayisə etmək olarmı?

Deyəcəklər ki, istənilən müqayisə qüsurludur. Elədir. Ancaq bu da bariz həqiqətdir ki, həqiqətlər müqayisələrdə üzə çıxır, üst-üstə düşən məqamlar az olsa da, əvəzində aradakı fərqlər ümumi mənzərəni aydın edir.

İndi olduğu kimi, 42 il 3 ay əvvəl də sovet-rus qoşunlarını Əfqanıstana çağıran olmayıb. Hər iki müdaxiləyə Kremldə oturanlar qərar veriblər. Birinci müdaxilə sovet dövlətinin rəhbəri Leonid Brejnevin, müdafiə naziri Dmitri Ustinovun, DTK sədri Yuri Andrpovun, kompartiya ideoloqu Mixail Suslovun, xarici işlər naziri Andrey Qromıkonun ağlının məhsuludursa, ikinci müdaxilə Rusiya prezidenti Vladimir Putinin, müdafiə naziri Sergey Şoyqunun, xarici işlər naziri Sergey Lavrovun, digər rus liderlərin iradəsinin nəticəsidir.

Tərakinin qisasının alınması

1.jpg (58 KB)

1979-cu ildə sovet liderləri Əfqanıstanın sentyabr ayının 16-da baş nazir Hafizulla Əmin tərəfindən devrilmiş və oktyabrın 9-da qətlə yetirilmiş lideri Nurməhəmməd Tərakinin qisasını almaq istəyiblər. Bu zaman maraqlı bir detal olub: SSRİ rəhbərliyi XDP-nin baş katibi və inqilab şurasının sədri Tərakini nə qədər çox istəsə də, onun Əmin tərəfindən devrilməsi ilə barışıb, hətta Brejnev özü Əminə zəng edərək Əfqanıstanın növbəti başçısı olması münasibətilə onu təbrik edib və yeni rəhbərdən xahiş edib ki, Tərakinin özünü, ailəsini, tərəfdarlarını repressiyaya məruz qoymasın. Ancaq H.Əmin həyatının səhvini edib, Brejnevin sözünü yerə salıb və Tərakini öldürtdürüb, yaxınlarını həbsə aldırıb, komandasını darmadağın edib, üstəlik, ABŞ-la yaxınlaşmağa çalışıb. Belə olanda sovet dövlətini idarə edənlər əvvəlcə Əmini zəhərləyərək aradan götürmək istəyiblər, ancaq zəhər ona yox, qardaşıoğlu Əsədullaya zərər verib. Bundan sonra sovet rəhbərliyi dekabrın 25-də Əfqanıstana “məhdud hərbi kontingent” (təqdimat belə olub) yeridərək, iki gün ərzində, dekabrın 27-də Əminin “Tacbəy” adlanan sarayını ələ keçiriblər və baş nazirin özünü, yaxınlarını qətlə yetiriblər.

Kiyevi tərk edənin qisasının alınmaması

Bu il fevralın 24-də Ukraynaya, xüsusilə birbaşa paytaxt Kiyevə edilən desant-diversant hücumu eynilə 42 il 3 ay əvvəl Kabula hücumun ssenarisi üzrə davam edib. Bu hücumda da əsas məqsəd iki günün içində prezident Zelenskinin iqamətgahını götürmək, özünü zərərsizləşdirmək (öldürmək), komandasını dağıtmaq, ölkənin silahlı qüvvələrini demoralizə etmək, rus qarnizonlarını strateji şəhərlərdə yerləşdirmək olub.

Fəqət, məlum olduğu kimi, bu plan hansısa səbəblərdən fiaskoya uğradı, Kabulda, “Tacbəy” sarayında uğurla sınaqdan keçirilmiş plan Kiyevdə, “Konça-Zasla” iqamətgahında baş tutmadı – desant-diversant qrupları zərərsizləşdirildilər. Müharibənin ilk günü mediada və sosial şəbəkələrdə israrla yayılan “Kiyev iki günə götürüləcək” xəbərləri həmin plandan qaynaqlanırdı.

2.jpg (20 KB)

Zelenskinin öldürülməsi ilə təkcə Ukraynada hakimiyyət dəyişikliyi olmayacaqdı, həm də Ukraynanın “Təraki”sinin – 2014-cü ilin fevralın 24-də vəzifəsindən götürülmüş, həmin ayın sonrakı günlərində Ukraynanı tərk etməyə məcbur olmuş eks-prezident Viktor Yanukoviçin də qisası alınacaqdı. Məlum olduğu kimi, Kremlin dəvəti ilə o, müharibə başlanandan dərhal sonra Belarus ərazisinə gəlib və oradan “nasistlərdən azad olunmuş” Kiyevə aparılacağı saatı gözləyib. Nüanslara fikir verin: Rusiyanın Ukraynaya hücumu Yanukoviçin devrilən gününə - 24 fevrala “təsadüf” etdiyi kimi, onun qayıdışı da məhz Ukraynanı tərk etdiyi günə - 26 fevrala “düşəcəkdi”. Ancaq bilindiyi kimi, planın bu hissəsi də baş tutmadı, Yanukoviç 1979-cu ilin dekabr ayının 27-də, baş nazir Hafizulla Əminin öldürüldüyü gün sovet tankının belində hakimiyyətə gələn Babrək Karməlin reydini təkrar edə bilmədi.

Müharibə əleyhdarları – Kosıgin, Axromeyev, naməlum sabotajçılar

42 il 3 ay əvvəl sovet dövlətinin rəhbərlərindən, baş nazir Aleksey Kosıgin, sovet marşalı Axromeyev, Varennikov və başqaları qoşunların Əfqanıstana yeridilməsinin əleyhinə olublar. 28 gün əvvəl də Putinin bu hərbi avantürasına müqavimət göstərənlər olub, ancaq onların adı hələ geniş ictimaiyyətə məlum deyil, sadəcə, kampaniyanı sabotaj edənlərin bəziləri ev dustağı ediliblər.

5.jpg (352 KB)

1979-cu ildə SSRİ-nin Əfqanıstanda geniş tərəfdarlar korpusu (yerli kommunistlər) və böyük casuslar şəbəkəsi olduğu üçün ilk vaxtlarda o qədər də çətinliklərlə üzləşməyib, Əmin tərəfdarları tezliklə zərərsizləşdirilib, kommunistlərin, yerlərdəki hakimiyyət təmsilçilərinin Karməlin ətrafında təmərküzləşdirilməsi rəvan gedib.

Sovetə işləyən əfqanlar, rusa işləməyən ukraynalılar

Bu dəfə isə Rusiyanın Ukraynada tərəfdarlar və casuslar korpusu nə qədər geniş olsa da, onlar ortaya həlledici güc və iradə qoya bilmədilər – ruslar Ukraynanı içəridən götürməyi bacarmadılar. Əksinə, artıq Moskvaya meylli olan siyasi partiyaların fəaliyyəti qadağan edilib, liderlərin özləri isə nəzarət altındadırlar.

6.jpg (58 KB)

42 il 3 ay əvvəl Əfqanıstanı işğal edən sovet “məhdud hərbi kontingenti” sonradan əyalətlərdə əliyalın xalqın dinc müqaviməti ilə yanaşı, partizanların silahlı müqavimətilə üzləşdilərsə, Kremlin budəfəki hərbi kampaniyasında xalqın və silahlı qüvvələrin müqaviməti ilk gündən şiddətlidir. Bəzi ərazilərdə artıq partizan diversiyaları da yer alır. Bunun qarşılığında işğalçıların yerlərdə dayağı, simpatizanı, demək olar ki, yoxdur və ya fəaliyyətsizdirlər.

İşğala sərt reaksiyanın 5-ə qatlanması

1979-cu il hərbi avantürasına dünya birliyinin, BMT-nin, ABŞ-ın, NATO-nun münasibəti necə sərt olmuşdusa, bu gün eyni dairələrin Ukraynaya müdaxiləyə reaksiyası ondan 5 qat artıq şiddətdədir. Əsas fərq odur ki, 1979-cu ildə antisovet koalisiyasının yanında yer alan Çin bu dəfə mütərəddid vəziyyətdədir, amma qəlbən Rusiyaya meyllidir. ABŞ isə 42 il 3 ay əvvəl olduğu kimi, bu dəfə də rus aqressiyasına müqavimət göstərənləri lazımi qədər maliyyə vəsaiti ilə, silahla, effektiv müharibə aparmaq üçün lazım olası hər şeylə təmin etmək əzmindədir. Böyük Britaniya da eyni fikirdədir.

Propoqonda – “düşmanlar”, “nasistlər” və “məkrli Qərb”

7.jpg (27 KB)

1979-80-ci illərdəki müharibəyə dair sovet propoqondası ilə indiki rus propoqondası çox da fərqlənmir. O vaxt Əfqanıstanda işğala müqavimət göstərənləri “mücahidlər” və “düşmanlar” adlandırırdılar, indi Ukraynada işğala dirənənləri “nasistlər” və “banderaçılar” adlandırırlar. O vaxt ABŞ-ın, NATO-nun, Pakistanın antisovet ovqatda olduğunu, düşmənə hərtərəfli yardım etdiyini vurğulayırdılar, indi də ABŞ-ın, NATO-nun, Şərqi Avropa dövlətlərinin Rusiyaya düşmən kəsildiyini, Ukraynaya hərətərəfli yardım etdiklərini bildirirlər.

Hərbi cinayətlər – qışlaqların və iri şəhərlərin darmadağın edilməsi

8.jpg (117 KB)

Həm 42 il 3 ay əvvəlki, həm də indiki müharibədə törədilən hərbi cinayətlər olduqca qabarıqdır. O zaman rus qoşunları Əfqanıstanın vilayət və rayonlarında böyük qəddarlıqlar, vəhşiliklər törədiblər, hansısa qışlaqda və ya aulda onlara bir güllə atılıbsa, həmin kəndi yerlə-yeksan edib, qoca, qadın, uşaq demədən hər kəsi qətlə yetiriblər (əfqanların kütləvi şəkildə silaha sarılaraq sovet ordusuna qarşı döyüşməsi belə hərəkətlərə görə olub).

11.jpg (64 KB)

Hazırda da rus hərbçiləri mülki insanları amansızcasına bombardman edir, hətta üzbəüz gələndə onların dinc əhali, qoca, qadın, uşaq olduğunu bilə-bilə əliyalın insanları güllələyirlər.

İtkilər – 120 aya 15 min, 25 günə 15 min

13.jpg (25 KB)

25 dekabr müdaxiləsi ilə 24 fevral müdaxiləsinin arasında başqa paralellər də aparmaq mümkündür. Sovet dövləti 10 il (120 ay) ərzində Əfqanıstanda apardığı hərbi kampaniyada 15 min hərbi qulluqçu itirmişdisə, RF ordusu Ukraynadakı müharibənin tamam olmamış birinci ayında artıq həmin sayda əsgər və zabit (o cümlədən 6 general) itirib.

14.jpg (36 KB)

Sovet dövləti 1979-cu ilin dekabrında başlatdığı müharibənin səhv olduğunu uzun illərdən sonra, Mixail Qorbaçovun vaxtında anladılarsa, indiki rəhbərlər savaşın yanlış olduğunu bir neç gündən sonra anlamış kimi görünürlər, fəqət bu tezlikdə geri çəkilməyin Rusiya Federasiyasının beynəlxalq və regional nüfuzunu ciddi şəkildə zədələyəcəyini düşünürlər.

Avantüranın bənzər sonuna dair proqnoz

Ancaq dəqiqliklə söyləmək olar ki, Rusiyaya bu yanlışdan qayıtmaq üçün Putindən sonra daha üç rəhbər lazım olmayacaq. Məlum olduğu kimi, Brejnevin vaxtında başlayan Əfqanıstan müharibəsi onun siyasi xələfləri olan Andropovun, Çernenkonun və Qorbaçovun vaxıtnda da davam etdi, yalnız sonuncunu hakimiyyətinin 4-cü ilində SSRİ öz qoşunlarını Əfqanıstandan geri çəkdi. Bu dəfə Putindən dərhal sonra müharibənin dayandırılacağı proqnozlaşdırılır.

55.jpg (5 KB)

Rusiya-Ukrayna müharibəsinin gedişatı elə bir ssenari üzrə inkişaf edir ki, sonunun 33 il əvvəl bitən SSRİ-əfqan müharibəsi kimi bitəcəyi ehtimalı böyükdür. Rus qoşunları Ukraynanı Maiupoldan Lvova qədər tamamən işğal etsələr də, əvvəl-axır tutduqları bütün ərazidən sonuncu metrinə qədər çıxacaqlar.



Xəbər xətti