Rusiyanın son müharibəsi, Kiyevdə “hərbi parad” və...

15:00 23 Mart 2022

Rusiyanın Ukraynadakı “işləri” açıq-aşkar pis gedir. Qonşu slavyan ölkəsini cəmi 2-3 günə ram edəcəyinə əmin olan Moskvanın, prezident Vladimir Putinin indi də mayın 9-da Kiyevdə “qələbə paradı” keçirməyi hədəflədiyi haqda məlumat yayılıb. Bundan ötrü müttəfiq Belarusu tezliklə müharibəyə qoşmaq, digər postsovet məkanındakı hərbi bazalardan, o sırada Ermənistandakı Gümrü bazasından üst-üstə 20 min əlavə qüvvə cəlb eləmək, həmçinin gizli daxili səfərbərlik hesabına yeni qruplaşmalar (oxu: “top əti”) yaratmaq düşünülür.

Pentaqon isə Rusiyanın Ukrayna ordusunun, digər milli qüvvələri müqavimətini qırmaq üçün kimyəvi və bioloji silahlardan istifadə edə biləcəyi barədə narahatlıq ifadə edib. Belə çıxır, Kreml rəhbərliyi “Pirr qələbəsi” naminə bu qəbil hərbi cinayətlərə də getməyə hazırdır. Hətta nüvə silahından istifadə məsələsi gündəmdən tam çıxmayıb.

Yeri gəlmişkən, dünən Putinin sözçüsü Dmitri Peskov bu xüsusda verilən suala cavab olaraq bildirib ki, Rusiya nüvə silahından yalnız özünə təhlükə olduqda istifadə edəcək. Sitat: “Bizim milli təhlükəsizlik konsepsiyamız var, o, ictimaiyyət üçün açıqdır. Siz nüvə silahının istifadə oluna biləcəyinin bütün səbəblərini oradan oxuya bilərsiniz. Yəni, ölkənin mövcudluğuna təhlükə varsa, o zaman bizim konsepsiyaya uyğun istifadə oluna bilər. Mətndə qeyd olunan başqa səbəblər yoxdur”.

İş də ondadır ki, Rusiya qonşu Ukraynaya məhz özünün varlığına təhlükə gördüyü üçün hücum edib. Bunu ölkə rəsmiləri, konkret olaraq Putin ən yüksək səviyyədə dəfələrlə bəyan də ediblər. Yəni, Peskov əslində, atom silahından istifadənin mümkünlüyünə işarə edir, nəinki mümkünsüzlüyünə. O ayrı məsələ ki, nüvə silahının tətbiqi özünüintihar demək olar, Rusiyanın da məhvinə gətirərdi. Nahaq yerə deməyiblər ki, atom silahı heç vaxt tətbiq olunmamaq üçün yaradılır...

Ötə yandan, 6 mindən çox nüvə başlığı olan Rusiyaya kim təhlükə yarada bilər ki, özündən savayı? Ona ən böyük təhlükə həmişə içindən gəlib. İndi də içəridən gəlir. Məgər SSRİ-ni hansısa xarici hərbi güc yıxdı? Minlərlə nüvə başlığı onun çöküşünü əngəlləyə bildimi? Bilmədi. Çünki nüvə arsenalına sahib olmaq dərhal qüdrətli dövlət olmaq anlamına gəlmir.

Rusiya da təxminən eyni yolu gedir. SSRİ-ni süqutunu şərtləndirən analoji faktorlar artıq Rusiya üçün də sürətlə yetişməkdədir. Söhbət ağır beynəlxalq sanksiyalar və təcridin təsirindən ölkə iqtisadiyyatını gözləyən dərin və çıxılmaz iqtisadi böhrandan, qıtlıq və aclıqdan, kütləvi işsizlik və sovetin talon sisteminə qayıdışdan, labüdə çevriləcək sosial-siyasi təlatümlərdən gedir.

Çöküşü qaçılmaz edən daha bir oxşar səbəb var. Bəllidir ki, Rusiya nisbətən kiçik coğrafiyada da olsa, SSRİ kimi “Xalqlar həbsxanası”dır və imperiya siyasətindən, qonşu ölkələrin ərazisini ilhaq eləmək planlarından əl çəkməyib. Moskva hələ də suveren postsovet ölkələrini özünün “arxa bağçası” saymağa davam edir. Stalinə heç vaxt simpatiyasını gizlətməyən Putin bunu bir neçə dəfə dolaysıyla dilə də gətirib, “Qorbaçovun yerinə olsaydı, SSRİ-nin dağılmasına imkan verməzdi” ifadəsini də işlədib.

Maraqlıdır, görəsən buna o, necə nail olacaqdı? Bir aydır “xoşbəxtlik” vəd elədiyi Ukrayna xalqının şəhərlərini qəddarcasına bombaladığı, yerlə yeksan elədiyi kimi?! Milyonlara günahsız insanı, uşağı-körpəni öz evindən didərgin salmaqla, qətlə yetirməklə? Bundansa məntiqli olmazdımı ki, o, müharibəni dayandırıb Rusiya daxilində yetişməkdə olan fəlakəti önləmək barədə tədbirlər görəydi?..

Bu yerdə politoloq Ərəstun Oruclunun bir versiyasını ciddiyə almamaq olmur. Müsavat TV-yə açıqlamasında o, Putinin öldürülmə ehtimalının yüksək olduğunu bildirib. “Putini yalnız öz komandası aradan götürə bilər. Səbəb isə onun Rusiyanı böyük problemlərin girdabına çəkməsidir ki, bundan da adıçəkilən dövlət uzun müddət canını qurtara bilməyəcək”, - deyə o qeyd edib.

İndi baxaq görək Putin SSRİ-nin bərpası bir yana, Rusiyanın özünün qoruyub saxlaya biləcəkmi?..



Xəbər xətti