ABŞ İsrailə "Azərbaycana silah satışını dayandır" deyib - 44 günlük müharibədə...

16:53 27 Yanvar 2022

Maykl Doran: “Müharibə dövründə İsrail ABŞ-ın Azərbaycana silah göndərməməklə bağlı xahişini rədd edib"

"İkinci Qarabağ müharibəsi zamanı ABŞ İsraildən Azərbaycana silah göndərilməsinin dayandırılmasını xahiş edib və rədd cavabı alıb. SİTAT.İNFO "Report"a istinadən xəbər verir ki, bunu ADA Universitetinin ingilisdilli rüblük nəşri olan “Bakı Dialoqları” (“Baku Dialogues”) jurnalında dərc olunan məqaləsində amerikalı analitik Maykl Doran yazıb. 

“Rəsmi Vaşinqton müharibənin ilkin mərhələsində proseslərdə tam iştirak etməsə də, dostlarının anlaşılmazlığına yol açan mövqe nümayiş etdirirdi. Müharibə ilə bağlı birbaşa məlumatlı olan İsrail hökumətinin yüksəkrütbəli məmuru mənə dedi ki, döyüşlər zamanı Ağ evin yüksəkvəzifəli rəsmisi ona zəng edərək israillilərdən Azərbaycan Ordusunun təchiz edilməsini dayandırmağı xahiş edib. İsrail rəsmisi nəzakətlə xahişi rədd edib və amerikalıya izah edib ki, müttəfiqlər müharibənin ortasında bir-birilərini atmırlar. Ağ evin rəsmisi məsələni bir daha gündəmə gətirməyib”, - M.Doran bildirib.

Qeyd edək ki, Maykl Doran Hadson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru və Hudson İnstitutunun baş elmi işçisidir.

O, ABŞ Milli Təhlükəsizlik Şurasında, həmçinin ABŞ Dövlət Departamentində baş məsləhətçi və Birləşmiş Ştatların müdafiə nazirinin köməkçisinin müavini olub.

M.Doran ABŞ Milli Təhlükəsizlik Şurasında, eyni zamanda Corc Buşun (kiçik) hakimiyyəti dövründə ABŞ Müdafiə Nazirliyində dövlət katibinin ictimai diplomatiya üzrə köməkçisinin müavini işləyib.

M.Doran İsrailə verdiyi dəstəyi, eləcə də ABŞ, Türkiyə və Azərbaycan arasında əməkdaşlığının tərəfdarı olması ilə tanınır. O, Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyib, onu rəsmi Vaşinqtonun İrana qarşı mühüm müttəfiqi kimi qiymətləndirib.



Xəbər xətti