ABŞ-ın nüvə silahı qorxusu: “Qiyamət təyyarəsi” Baydenin ardınca Vilnüsə uçdu

11:19 11 İyul 2023

Flightradar24 xidmətinin məlumatına görə, iyulun 11-də NATO sammitinin başladığı Vilnüsdə Amerikanın “qiyamət təyyarəsi” Boeing 747-E4B eniş edib. O, bir gün əvvəl Amrikanın Endryus aviabazasının yerləşdiyi yerdən havaya qalxıb və çərşənbə axşamı səhər tezdən Litvanın paytaxtına enib. Uçuş zamanı layner doqquz saatdan çox havada qalıb.

Sitat.info-nun məlumatına görə, Boeing E-4B Nightwatch həmçinin ABŞ Hərbi Hava Qüvvələrinin Hava Komandanlığı kimi tanınır. Bu, Boeing 747-200-ün dəyişdirilmiş versiyasıdır. Bu təyyarələrdən dördü 1970-ci illərdən bəri ABŞ-da istehsal edilib.

Təyyarə Amerika komandanlığına strateji və qeyri-strateji silahlarla, xüsusən də nüvə arsenalı ilə əlaqə saxlamağa imkan verir. Belə ki, bortda buraxılışa nəzarət sistemi (ALCS) sayəsində yerüstü ballistik raketlərin buraxılması mümkündür.

Üç göyərtəli E-4B Nightwatch-da 112 nəfərə qədər yerləşə bilər. Newsweek xəbər verir ki, orta göyərtə nüvə silahının mümkün istifadəsi halında ABŞ-ın hərəkətlərini əlaqələndirmək üçün prezident və digər yüksək vəzifəli məmurlar tərəfindən istifadə edilə bilən "komanda mərkəzidir". Burada komandanlıq zonası, konfrans zalı, brifinq zalı, kommunikasiya zonası və istirahət zonası var.

Təyyarənin dörd mühərriki var, o, havada yanacaq doldura bilir və bir neçə gün uçuşda qala bilir (yanacaq doldurmadan - 12 saat).   E-4B təyyarəsinin  uçuşu saatda təxminən 160.000 dollara başa gəlir.

ABŞ prezidenti Co Bayden iyulun 10-da axşam Air Force One təyyarəsi ilə Vilnüsə gəlib. Bundan əvvəl Amerika lideri Böyük Britaniyaya səfər edib və orada kral III Çarlzla görüşüb. İyulun 12-dək davam edəcək NATO sammiti çərçivəsində Baydenin Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlar aparacağı gözlənilir.

Nərgiz,

Sitat.info



Xəbər xətti