Yunanıstanın 81 bölgəsində yanğın başlayıb

14:23 18 İyul 2023

Yunanıstanın paytaxtı Afina yaxınlığında 81 nöqtədə baş verən meşə yanğını yaşayış məntəqələrinə də çatıb. Komandaların alovla mübarizəsi davam edərkən çox sayda insan təhlükəsiz bölgələrə təxliyə edilib. Yanğınlarda hələlik insan tələfatı və ya xəsarət alan olmayıb.

Sitat.info xəbər verir ki, paytaxt Afinanın 27 kilometr cənub-şərqindəki Kuvaras bölgəsində başlayan meşə yanğını küləyin təsiri ilə 2 saat ərzində 12 kilometr əraziyə yayılıb. Alov yaşayış məntəqələrinə də keçib. Çoxlu sayda ev yanaraq kül olub. 100-dən çox insan təhlükəsiz ərazilərə təxliyə edilib.

Həddindən artıq isti hava dalğası və küləyin təsiri ilə alov tövlələrə də çatıb. Heyvanlar yük maşınları ilə ərazidən çıxarılıb.

Alovlara qurudan və havadan müdaxilə edilib. Sahil mühafizə qrupları sahil zolağında patrul həyata keçirib. Qayıqlar lazım gəldikdə istifadə üçün sahildə hazır vəziyyətdə saxlanılır.

Afinanın qərbində, sahilyanı Lutraki şəhərində də meşə yanğını baş verib. Yay düşərgəsindəki və reabilitasiya mərkəzində olan 1200 uşaq təxliyə edilib. Buradakı söndürmə işlərinə hava dəstəyi də verilib. Yanğınlarda ölən və yaralananlar barədə məlumat verilməyib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti