Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 485-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 955-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 yanvar tarixli 1794 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
SİTAT.İNFO fərmanın mətnini təqdim edir:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə uyğun olaraq, Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin hər biri üçün ayrılıqda dinc və müharibə (silahlı münaqişə) dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi qaydasını və təminat normasını altı ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 955-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 yanvar tarixli 1794 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 1, maddə 50) 1.3-cü bəndi ləğv edilsin.
***
Prezident İlham Əliyev “Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. “Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyası haqqında Əsasnamə” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. “Azərbaycan Respublikasının ərazisinə daxil olan humanitar yüklərin qəbul edilməsi, uçotunun aparılması, təyinat yerinə çatdırılması, saxlanılması, mühafizəsi və bölgüsü Qaydaları”nı dörd ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. “Beynəlxalq Humanitar və Texniki Yardım üzrə Respublika Komissiyasının Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 9 mart tarixli 164 nömrəli Sərəncamı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 5–6, maddə 111; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 2, maddə 97; 2010, № 2, maddə 80) ləğv edilsin