Rusiya Ukrayna ilə bağlı 3 tələbindən vaz keçdi

15:10 29 Mart 2022

Rusiya Ukrayna ilə bağlı 3 tələbindən imtina edib.

SİTAT.İNFO Sfera.az-a istinadən bildirir ki, bu barədə dünya mediasında iddialar səsləndirilib. Belə ki, İngiltərənin nüfuzlu qəzetlərindən olan "Financial Times”a danışan mənbələr, tərəflərin bəzi addımlar üzərində razılığa gəlməyə yaxın olduqlarını bildiriblər. Hələlik tərəflər arasında rəsmi razılaşma olmadığı üçün adlarını açıqlamayan mənbələr Rusiyanın bir müddətdir tələb etdiyi "Ukraynanı nasistlərdən təmizləmək” şərtindən imtina etdiyini qeyd edib.

Digər tərəfdən, sözügedən mənbələr Rusiyanın Kiyevin hərbi dəstək almaması şərti ilə Avropa Birliyinə qoşulmasına müsbət yanaşmağa başladığını irəli sürüblər. Qəzetə danışan dörd fərqli mənbə də razılaşmanın, Ukraynanın NATO üzvlüyündən imtina etməsi şərtindən asılı olduğunu deyib.

"Financial Times”a danışan şəxslər atəşkəs sənədləri layihəsində müharibənin başlanğıcında Rusiyanın tələb etdiyi "de-nasistlər”, "silahsızlaşdırma” və "Ukraynada rus dilinin hüquqi müdafiəsi” tələblərinin yer almadığını bildiriblər. Onlar, həmçinin bu gün İstanbulda baş tutacaq sülh danışıqlarında atəşkəs qərarının mümkünlüyünü də vurğulayıblar. "Financial Times” Rusiyanın bir aydan artıqdır davam edən işğalının səngidiyinə də diqqət çəkib. Qəzetə açıqlama verən Ukrayna prezidenti Zelenskinin partiyasının lideri, eyni zamanda Kiyevin danışıqlar qrupunun üzvü David Arakhamia tərəflərin təhlükəsizlik zəmanəti ilə bağlı razılaşmaya yaxın olduğunu söyləyib: "Danışıqlar başlayandan bəri bütün məsələlər masadadır. Amma həll olunmamış məsələlər də var". "Financial Times”a danışıqlardan xəbəri olan mənbə isə belə deyib: "Rusiyanın mövqeyi həm hərbi təzyiq, həm də Kiyevin tələbləri baxımından günü-gündən dəyişir”.

 

 



Xəbər xətti