Ukrayna Rusiya ilə razılaşma üçün şərtini açıqlayıb

09:45 30 Mart 2022

“Ukrayna ərazisində heç bir hərbçi qalmamalıdır, torpaqlarımızı tərk etməlidirlər. Nöqtə”

Dünyanın diqqəti Türkiyənin İstanbul şəhərinə yönəlib. Qardaş ölkə Rusiya-Ukrayna nümayəndələrinin görüşünə ev sahibliyi edib.

Martın 29-da keçirilən görüşdən öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dolmabağçadakı zalda bir araya gələn nümayəndə heyətləri ilə görüşüb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan danışıq iştirakçıları qarşısındakı çıxışında tərəfləri atəşkəsə çağırıb və hərbi əməliyyatların davam etdirilməsinin heç kimə sərfəli olmadığını bildirib. O, tərəflər arasında aparılan danışıqların real nəticələrinin vaxtının yetişdiyini vurğulayıb. “Dünya sizdən gələn müjdələri gözləyir”, Türkiyə prezidenti Rusiya və Ukrayna nümayəndələrinə xitabən söyləyib. “Sizin müzakirələrdə əldə etdiyiniz nəticə növbəti mərhələdə liderlər səviyyəsində təması da təmin edə bilər”, - Ərdoğan deyib.

Türkiyə lideri qeyd edib ki, Türkiyə Rusiya prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenskinin görüşünə ev sahibliyi etməyə hazırdır. Ərdoğan bildirib ki, Türkiyə bu məsələdə hər iki tərəflə bağlı ədalətli mövqe tutub: “Atəşkəs və sülhün bərqərar olması hər kəsin xeyrinə olacaq. Türkiyə tərəflər üçün lazım olan asanlaşdırıcı addımları atmağa hazırdır. Danışıqlar masasında nail oluna biləcək irəliləyiş sülh üçün önəmlidir. Həll yoluna nail olacağınıza inanıram. Bu danışıqlarda hər birinizə uğurlar diləyirəm”.

Daha sonra İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin qapalı görüşü başlayıb. Görüşdən sonra bəzi açıqlamalar verilib. Rusiya və Ukrayna arasında danışıqlar heyətinin İstanbulda keçirilən görüşünün birinci raundu başa çatıb. Bu barədə APA-nın Türkiyə müxbirinə Ukrayna nümayəndə heyətindən məlumat verilib. Məlumata görə, danışıqların gedişində Ukrayna Rusiyaya təhlükəsizliyi ilə bağlı təkliflərini təqdim edib. Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamiyanın sözlərinə görə, ölkəsi BMT TŞ-nin 5 daimi üzvünün, habelə Kanada, Polşa, İsrail və Türkiyənin Ukraynanın təhlükəsizliyinin qarantı olaraq görmək istəyir. Araxamiya əlavə edib ki, təhlükəsizlik qarantiyası məsələsində anlaşma əldə edilməyib.

Ukrayna Rusiya ilə razılaşmanın əldə olunması üçün şərtlərini açıqlayıb. David Araxamiya brifinqdə deyib: "Beynəlxalq razılaşma hər hansısa təzyiq altında gerçəkləşdirilərsə, bu, tamamilə etibarsız sayılar. Bunun etibarlı olması üçün ilk növbədə Ukrayna ərazisində heç bir hərbçi qalmamalıdır, torpaqlarımızı tərk etməlidirlər. Nöqtə", - o vurğulayıb.

D.Araxamiya vurğulayıb ki, Rusiya qoşunları Ukrayna ərazisini tərk etməlidir: “Düşmən hərbçilər ərazimizdə olduğu təqdirdə heç bir anlaşma imzalaya bilmərik. Çünki hamımız Vyana Konvensiyasına qoşulmuşuq. Bunu Rusiya heyətinə də bildirmişik. Bundan başqa, Ukraynanın 3 milyondan çox qaçqını da ölkəsinə qayıtmalıdır”.

Ukrayna ilə sülh danışıqları üçün İstanbula gələn Rusiya nümayəndə heyəti 29 martda Moskvaya geri qayıdıb. "RİA Novosti" bu haqda Türkiyə Xarici İşlər Nazirliyindəki (XİN) mənbəyə istinadən məlumat yayıb. Bununla da danışıqların ikinci raundu ilə bağlı gözləntilər boşa çıxıb. İstisna deyil ki, heyətlər danışıqların nəticələrini liderlərə məruzə etmək üçün evlərinə dönüblər. İstənilən halda, Türkiyə növbəti dəfə bütün dünyanın bacarmadığı işin öhdəsindən gəlməyi bacardı və daha yüksək nəticələrə ümid etmək üçün kifayət qədər əsaslar var. 

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

 “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əsas məsələlərdən biri Türkiyənin vasitəçilik təşəbbüslərini uğurla davam etdirməsidir: “Türkiyə önəmli rola malikdir və hər iki tərəf Ankaranın rolunu yüksək qiymələndirir. Əlbəttə, mən də sizinlə razıyam ki, nəticədən danışmaq tezdir. Çünki gərək birinci Rusiya prezidenti qərar versin ki, müharibəni dayandırır, ya yox?! Amma artıq müəyyən işartılar da gəlir, Rusiya müdafiə naziri Kiyevlə bağlı açıqlamalar verib, Ukrayna paytaxtına hücumları müvəqqəti dayandıra bilər”. E.Şahinoğlunun yanaşmasına görə, əslində bu, güzəşt deyil: “Yəqin ki, gücləri tükənir, resursları yoxdur. Bu da münaqişənin həlli deyil. Çünki Kiyev məsələsi başqadır, amma Xersonu işğal ediblər, quru yolu ələ keçiriblər, Donbasla bağlı vəziyyət gərgindir, bu məsələlərlə bağlı müzakirələr gələcəyin müzakirə predmetidir”. Amma politoloq istənilən halda danışıqların davamını faydalı sayır və növbəti ev sahibi kimi də Türkiyəni görür: “Türkiyədə geniş fikir mübadiləsinin aparılması mühüm məsələdir. Ən əsası odur ki, Ukrayna neytral statusa razıdır, bunu bir daha vurğulayıb. Bu da irəlilləyişdir. Əgər XİN rəhbərləri və prezidentlər görüşəcəksə, ən yaxşı məkan yenə də Türkiyədir. Çünki Belarus Rusiyanın müttəfiqi kimi çıxış edir, Ukrayna rəsmiləri ora getmək istəmir. Türkiyəni həm Ukrayna, həm də Rusiya qəbul edir. Həmçinin Türkiyə sanksiyalara da qoşulmayıb, hər iki ölkə ilə normal münasibətləri var. Ona görə də güman edirəm ki, əgər Putin görüşə razılaşacaqsa, görüş yeri kimi ən yaxşı məkan elə Türkiyə ərazisi olacaq”.



Xəbər xətti