Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Artıq bir neçə siyasi partiya üzvlərinin siyahısı Ədliyyə Nazirliyinə təqdim edib. Lakin “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiya üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı bəzilərində qüsurlar aşkarlanıb. Bəzi rəhbərlər partiyalarının qeydiyyata alınmayacaqlarını iddia edirlər.
Maraqlıdır, hökumətin belə planı varmı? Ümumiyyətlə, partiyaların qeydiyyatı niyə gecikir?
Sitat.info xəbər verir k, deputat Siyavuş Novruzov Globalinfo.az-a açıqlamasında hər bir partiya üçün bərabər şərait yaradıldığını bildirib:
“Siyasi partiyalar haqqında qanun” ilk dəfə 1992-ci ildə qəbul olunub. Lakin ötən il qanun yeniləndi. İndi həmin qanunun tələbinə uyğun olaraq bütün partiyalar müvafiq sənədləri aidiyyəti quruma təqdim etməlidirlər.
Xatırladım ki, bəzi partiyalar fəaliyyətini dayandırdı, təxminən 27 partiya isə sənədlərini Ədliyyə Nazirliyinə təqdim etdi. Nazirlik təqdim olunan sənədlərə baxdıqda bir çox siyahının qeyri-dəqiqliyi üzə çıxdı, üzvlərin əksəriyyətinin dünyasını dəyişdiyi məlum oldu”.
S.Novruzov deyib ki, əslində, həmin partiyalar müvafiq strukturlara öz minnətdarlıqlarını bildirməlidirlər:
"Çünki sədrlərə verilən yalan məlumatları aidiyyəti qurumlar üzə çıxarıb. Hətta elə partiya var ki, Yeni Azərbaycan Partiyası (YAP) üzvlərinin adlarını öz üzvü kimi təqdim etmişdilər. Artıq həmin partiyalara dəqiq siyahılar təqdim olunub. Dediyim kimi, hər bir partiya üçün bərabər şərait yaradılıb. Cəmi 5 min imza tələb olunur. Əgər bir partiya bu sayı toplaya bilmirsə, gələcəkdə hansısa seçkilərdə necə səs yığa bilər axı?!”
S.Novruzov qeydiyyatın gecikmə səbəbini açıqlayıb:
“Partiya rəhbərlərinə siyahını təqdim etmək üçün iyulun 11-nə kimi zaman verilmişdi. Daha sonra yenidən bir ay vaxt verildi ki, siyahı dəqiq olsun. Hazırda yenə də baxılır, yanlışı olanlara şərait yaradılır”.
Qeyd edək ki, qeydiyyata alınmayanlar sırasında REAL, Müsavat, AXCP, ADP, AĞ Partiya, AMİP, Azadlıq, Ümid, Ədalət, AXP, MCP, BAXCP də var. Ölkədə indiyədək qeydiyyatdan keçən yeganə partiya YAP-dır.