Səudiyyə Ərəbistanı Mərakeşdə hava körpüsü qurur

13:43 11 Sentyabr 2023

Səudiyyə Ərəbistanı zəlzələdən zərər çəkən Mərakeşə yardım ləvazimatlarını çatdırmaq üçün hava körpüsü qurmaq və axtarış-xilasetmə qrupu göndərmək qərarına gəlib.

Sitat.info xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-nın məlumatına görə, Kral Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salman Mərakeşə axtarış-xilasetmə qrupunun göndərilməsi və müxtəlif yardım materiallarının çatdırılması üçün hava körpüsünün yaradılması əmrini verib.

Kral Salman Yardım və Humanitar Araşdırmalar Mərkəzinin prezidenti Abdullah bin Əbdüləziz əl-Rabia qeyd edib ki, Mülki Müdafiə Baş Müdirliyinin axtarış-xilasetmə qrupları və Səudiyyə Ərəbistanı Qızıl Aypara Cəmiyyətinin tibbi qrupları Mərakeşə göndəriləcək.

Digər tərəfdən Oman bir xilasetmə qrupu və təcili yardımın Mərakeşə göndəriləcəyini açıqlayıb.

Ölkənin rəsmi xəbər agentliyi ONA-nın məlumatına görə, Omanın sultanı Heysəm bin Tariq axtarış-xilasetmə qrupu və təcili yardım ləvazimatlarının Mərakeşə göndərilməsi barədə göstəriş verib.

Qeyd edək ki, sentyabrın 8-də yerli vaxtla saat 23:10-da Mərakeşdə 7 bal gücündə zəlzələ baş verib, zəlzələnin episentri Mərakeş şəhərinin Əl-Huz bölgəsində olub.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti