Dövlət qurumundan Qarabağ qazisi ilə bağlı reaksiya: "İddialar tamamilə əsassızdır"

15:31 28 Yanvar 2022

Ötən gün SİTAT.İNFO saytında I Qarabağ müharibəsi qazisi Gülbalayev Bəxtiyar Sabir oğlunun əlillik pensiyasının kəsilməsi və müalicəsinin dayanması səbəbindən vətəndaşın iflic olması ilə bağlı yazı dərc etmişdik. Bu gün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliliyindən məsələyə reaksiya verilib.

Qurumun İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Tural Qurbanov SİTAT.İNFO-ya açıqlamasında bildirib ki, Bakı şəhər sakini Gülbalayev Bəxtiyar Sabir oğlunun əlillik pensiyasının kəsilməsi ilə bağlı iddialar tamamilə əsassızdır:

"Belə ki, vətəndaşın əlilliyi 2016-cı ildə elektron sistem üzərindən avtomatik olaraq 5 il müddətinə uzadılıb və qanunvericiliyə əsasən, şəxsin əlillik müddəti 23.02.2021-ci ildə başa çatıb. Bəxtiyar Gülbalayevin əlillik müddətinin uzadılması ilə bağlı qeydiyyatda olduğu səhiyyə müəssisəsi tərəfindən Əlillik Altsisteminə göndəriş daxil edilib. Şəxsin əlilliyi “hərbi xidmət dövrü ilə əlaqədar” olduğu üçün o, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinəyə cəlb edilib. Əyani müayinə zamanı Bəxtiyar Gülbalayev diaqnozunun hərbi səbəblə əlaqəli olmasını təsdiq edən sənədi təqdim etməyib. Digər tərəfdən şəxsin diaqnozu ilə bağlı ixtisaslaşmış həkim rəyi və müayinəsi olmadığı üçün o, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müvafiq rəy və müayinə üçün göndərilib. Nəzərinizə çatdırırıq ki, Agentlik tərəfindən vətəndaşın əlilliyi ilə bağlı yekun qərar qanunvericiliyə uyğun olaraq həmin sənədlər təqdim edildikdən sonra veriləcək".

SİTAT.İNFO



Xəbər xətti