"İlham Əliyevin prezidentliyi ilə bağlı nə qədər istəyirsən danış. Ancaq Ali Baş Komandan kimi, bir müzəffər sərkərdə kimi torpaqları işğaldan azad etməsinə kimsə dil uzatmamalıdır. Əksinə hər kəs qürur duymalıdır. Çox nəhəng bir iş görüb, şəxsən özü rəhbərlik edir. Burada çox böyük cəsarət tələb olunur".
Sitat.info xəbər verir ki, Ümid Partiyasının sədri İqbal Ağazadə bu sözləri Reaksiya TV-nin efirində deyib.
O bildirib ki, öncəki prezidentlərin zaman-zaman şansları olsa da, belə bir risk almayıblar: "Siz elə bilirsiniz ki, Azərbaycana indiyə qədər rəhbərlik edənlərin belə bir şansları olmayıb? Hamısının bu və ya digər şansları var idi. Bir yerdə şans, bir yerdə manevr qabiliyyəti, bir yerdə ustalıq, bir yerdə cəsarət çatışmayıb. Çox böyük risklər var idi. Bir anlıq düşünü ki, 44 günlük savaşda məğlub olsaydıq İlham Əliyevin siyasi hakimiyyəti üçün necə bir risk var idi. Öz hakimiyyətini, canını riskə qoyaraq müharibəyə girdi".
Partiya sədri vurğuladı ki, Qarabağla bağlı atılan hər bir addım xüsusi cəsarət tələb edir: "Adam o torpaqları sevə-sevə ora gedir, adam o torpaqlarda ağlaya bilir. Ali Baş Komandanın Həkəri çayının kənarında bir şəkli var. Oturub və çaya baxır. Bu şəkil Azərbaycan sevgisi haqqında hər şey deyir. Heç kim mənə demokratiyadan, insan haqlarından, məmur özbaşınalığından, rüşvətxorluğundan danışmasın. O torpaqların azad olunması bu problemlərin milyon dəfə fövqündədir".
Məğrur Salmanov,
Sitat.info