İlham Əliyev görüşdən niyə imtina etdi? - Şok təfərrüat

14:00 4 Oktyabr 2023

Azərbaycan lideri İlham Əliyev İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin növbəti iclasına qatılmaqdan imtina edib.

Sitat.info xəbər verir ki, Qranadada Ermənistan Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolt və AB Şurası Prezidenti Şarl Mişellə görüş gözlənilirdi.

Hələ ötən gün AB-dən verilən açıqlamada görüşün dəqiqləşmədiyi, Şarl Mişelin tərəflərlə görüşün təşkili üçün danışıqları davam etdirdiyi, nəticənin bu gün bəlli olacağı açıqlanmışdı.

Bu gün isə Prezident İlham Əliyevin görüşdən imtina etdiyi üzə çıxdı.

Görüşdən imtinanın səbəbi nədir?

Azərbaycan görüşdə Türkiyənin iştirakını təklif etmişdi və bunda israr edirdi. Lakin buna imkan verilməyib, xüsusilə Fransa və Almaniya buna qarşı olub və onların israrı qəbul edilib.

Azərbaycana təklif olunan beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) antiazərbaycan ab-havası formalaşdığı şübhəsizdir. Xüsusilə Fransa və Almaniyanın Azərbaycana qarşı tutduğu son mövqe, o cümlədən Fransa XİN başçısının hazırda İrəvanda səfərdə olması və ölkəmizə qarşı ədalətsiz, regionda münasibətləri gərginləşdirməyə xidmət edən açıqlamaları görüşü mümkünsüz edib.

Fransa XİN başçısının Ermənistanla hərbi əməkdaşlığın genişləndirilməsi, silah-sursat veriləcəyi haqda bəyanatı, AB Şurasının Prezidenti Şarl Mişelin belə dünən Azərbaycanı ittiham edən açıqlaması görüşün müqəddəratına təsir edib.

Qeyd edək ki, Azərbaycan regiona müzakirələrdə region ölkələrinin, xüsusilə Türkiyənin iştirakında israrlıdır. Azərbaycanın bu mövqeyi region ölkələrinin maraqlarına tam cavab verir. çünki qeyri-region ölkələrinin bölgəyə hərbi-siyasi yerləşmə cəhdlərini artırması Cənubi Qafqazda münasibətləri gərginləşdirməklə yanaşı, destabilizasiya yaradır.

Xatırladaq ki, Azərbaycan 2020-ci ilin 10 noyabr qələbəsindən sonra regional məsələlərin həlli üçün “3+3” formatını təklif edib. Hazırda İran da qəti şəkildə bu formatın tərəfdarı olduğunu Ermənistana bəyan edib. Təsadüfi deyil ki, İranda səfərdə olan Ermənistan TŞ katibi Armen Qriqoryana qeyri-region ölkələrinin regiona müdaxiləsinin yolverilməzliyi barədə xəbərdarlıq edilib və “3+3” formatlı platformanın vacibliyi vurğulanıb.



Xəbər xətti