Kürdəmirdə qadınların elektron xidmətlərlə bağlı maarifləndirilməsini layihəsi baş tutub

15:21 4 Oktyabr 2023

Qadın Problemlərinin Tədqiqatları Mərkəzi” İctimai Birliyi regionlarda yaşayan qadınların elektron xidmətlərlə bağlı maarifləndirilməsini nəzərdə tutan növbəti tədbirini Kürdəmir rayonunda təşkil edib. “Regionda yaşayan qadınların elektron xidmətlərdən istifadə ilə bağlı məlumatlandırılması” layihəsi çərçivəsində keçirilən məlumatlandırma sessiyasına Kürdəmir rayonundan olan 46 nəfər qatılıb. 
Kürdəmir Rayon Peşə Liseyində keçirilən tədbirdə çıxış edən “Qadın Problemlərinin Tədqiqatları Mərkəzi” İctimai Birliyinin sədri Sevil Allahverdiyeva layihə haqqında məlumat verib. 
S.Allahverdiyeva qeyd edib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur: “Layihənin məqsədi regionda yaşayan qadınları dövlət qurumlarının göstərdiyi elektron xidmətlərlə bağlı məlumatlandırmaqla onların xidmətlərə əlçatanlığını artırmaq və elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsinə dəstək verməkdir. Tədbir zamanı ekspertimiz sizlərə respublikamızda ayrı-ayrı dövlət qurumlarının “Elektron hökumət portalı” və öz internet səhifələri vasitəsi ilə göstərdikləri elektron xidmətlərlə bağlı məlumat verəcək. Həmçinin həmin xidmətlərdən istifadə qaydaları əyani olaraq izah ediləcək. Ehtiyacı olan şəxslərə elektron xidmətlərdən istifadədə köməklik göstəriləcək”.
Daha sonra tədbirdə çıxış edən layihənin eksperti Xalid Kazımov tədbir iştirakçılarına respublikamızda ayrı-ayrı dövlət qurumları, yerli özünüidarəetmə orqanları, ictimai xidmətlər göstərən qurumlarının “Elektron hökumət portalı”, my.gov.az portalı və öz internet səhifələri vasitəsi ilə göstərdikləri elektron xidmətlər və onlardan istifadə qaydaları ilə bağlı ətraflı məlumat verib. İştirakçıların daha çox maraq göstərdikləri e-sosial.az, e-emlak.gov.az saytlarındakı xidmətlərlə bağlı onları məlumatlandırıb. Qadınlara nəzəri məlumat verməklə yanaşı, hər bir xidmətdən istifadə qaydaları da əyani şəkildə göstərilib. Bununla da qadınlar evdən çıxmadan, hər hansı quruma getmədən dövlət xidmətlərini elektron qaydada almağa təşviq edilib. 
Sonda mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.

Sitat.info




Xəbər xətti