Kreml məğlub olur, Ermənistan "dayağını" itirir: Brüsseldə sülh müqaviləsi imzalana bilərmi?

09:20 4 Aprel 2022

Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bir daha təsdiqləyib. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionla birgə keçirdiyi brifinqdə deyib. Son vaxtlar Ermənistan rəsmiləri, o cümlədən baş nazir Nikol Paşinyan oxşar açıqlamalar verir.

Əslində bu, təəccüblü deyil. İrəvanın Bakı ilə əlaqələri normallaşdırmaq cəhdinin iki əsas səbəbi var. Bunlardan birincisi, Ankara ilə diplomatik münasibətlərin bərpası istiqamətində atılan addımlardır. İkincisi isə Moskva ilə Kiyev arasında davam eden müharibədir. Bu savaş Ermənistanı narahat edir. Hərbi əməliyyatların nəticəsindən asılı olmayaraq, Ermənistanın vəziyyəti bir az da ağırlaşacaq. Əgər Krem məğlub olsa, İrəvan öz "çətirini" itirəcək. Əks halda isə Paşinyan hakimiyyətinə təzyiqlər bir az da artacaq.

Əlbəttə, bu, qismən Qərbə meyilli mövcud iqtidar üçün arzuolunan deyil. Odur ki, Ermənistan indidən "başına çarə qılmaq istəyir". Bir neçə gün sonra, aprelin altında Avropa İttifaqının vasitəçiliyi ilə Brüsseldə Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyan arasında görüş keçiriləcək. Nəzəri baxımdan, tərəflər arasında müəyyən razılıqların əldə olunması mümkündür. İndi bunun üçün münbit geosiyasi şərait var. Amma nəzərə almaq lazımdır ki, razılığın əldə olunması Rusiyanın regionla bağlı maraqlarına cavab vermir.

Bir neçə gün əvvəl Rusiya dövlət başçısı Vladimir Putinin Azərbaycan və Ermənistan liderləri ilə telefon danışığı da bu kontekstdən qiymətləndirilməlidir. Danışıqların konstruktiv keçməməsindən ötrü Moskvanın xüsusilə İrəvana təzyiq göstərməsi mümkündür. Düzdür, Rusiyanın imkanları getdikcə azalır. Amma Kreml hələ də Ermənistan üzərində təziq gücünə malikdir. Ən azından ona görə ki, ölkədə Rusiyanın hərbi bazası var. Həmçinin daxildə çaxnaşma yaratmaq üçün "Qarabağ klanı"ndan da istifadə edilə bilər.

Bəlkə də, Rusiyanın bir az da zəifləməsini gözləmək olar. Hərçənd savaş başa çatandan sonra indiki fürsətlər əldən çıxacaq. Bu mənada əvvəllər də dediyimiz kimi, Paşinyan sülh müqaviləsinin imzalanması üçün tələsir. Brüsseldə keçiriləcək görüşdə tərəflər arasında hansısa sənədlərin imzalanacağı gözlənilmir. Amma, yəqin ki, regionun taleyi ilə bağlı ciddi müzakirələr aparılacaq. Həmçinin gələcək əlaqələrdə "yol xəritəsi" rolunu oynaya biləcək razılıqların əldə olunması mümkündür. Bu, xüsusilə erməni terrorçularının Qarabağdan çıxarılması, sərhədlərin müəyyənləşdirilməsi mövzusunda ola bilər. Həmçinin yekun sülh müqaviləsinin tezisləri barədə fikir mübadiləsi aparılması da istisna deyil.

Kənan Novruzov,

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti

SİTAT.İNFO



Xəbər xətti