Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
Sitat.info xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 2 ədəd F-1 əl qumbarası, 2 ədəd UZRQM partladıcısı, 4 ədəd 7,62mm-lik avtomat mərmisi, 18 ədəd 5,45mm-lik avtomat mərmisi və 2 ədəd penal avtomat təmizləyicisi olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.