Mingəçevirdə 2024-cü ilin sonunda yeni elektrik stansiyası istifadəyə veriləcək

15:15 19 Oktyabr 2023

Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasının ərazisində inşa edilən 1 280 meqavatlıq yeni elektrik stansiyasının tikintisi üzrə aparılan əsas infrastruktur işləri 90-95 % yerinə yetirilib, layihənin yekunlaşdırılması isə 2024-cü ilin sonuna qədər nəzərdə tutulub.

Sitat.info xəbər verir ki, bunu tikintiyə nəzarət edən İtaliyanın AFRY şirkətinin sahə meneceri Emre Özer “AzərEnerji” ASC-nin Mingəçevir şəhərində təşkil etdiyi mediatur zamanı jurnalistlərə açıqlamasında deyib.

"Müstəqillik dövründə tikilən ən böyük elektrik stansiyasında işlər qrafiklə müəyyən olunan müddətdən daha tez aparılır. Ümid edirik ki, layihə başa çatdırılana qədər eyni sürət və keyfiyyətdə fəaliyyət davam etdiriləcək", - deyə o bildirib.

E. Özerin sözlərinə görə, Azərbaycanda Avropa və beynəlxalq standartlara uyğun elektrik stansiyası inşa ediləcək: "Artıq üst tikililər və mexanizmlərin əksəriyyətinin təməli qoyulub. Yaxın zamanda birinci turbinin montaj işlərinə başlanacaq. Bundan sonra isə qazanların quraşdırılması həyata keçiriləcək".

O həmçinin qeyd edib ki, hazırda tikinti işlərinə 250-ə yaxın insan cəlb edilib: "Amma turbin və qazanların quraşdırılması işlərinin aparılması zaman işçilərin sayı 1 000-dən çox olacaq".

Qeyd edək ki, 1280 meqavatlıq yeni elektrik stansiyası və “Azərbaycan” İstilik Elektrik Stansiyasının mövcud 7 və 8-ci bloklarının əlaqələndirməsi nəticəsində ümumi güc 1 880 meqavat olacaq. Bununla da faydalı iş əmsalı 18 % artırılaraq 56 %-ə çatdırılacaq. Daha dəqiqi 1 280 meqavatlıq yeni elektrik stansiyasının qaz turbinlərində bir dəfə işlənmiş qaz, utilizasiya yolu ilə suyu buxara çevirəcək və “Azərbaycan” İES-in 7 və 8-ci bloklarının buxar turbinlərində əlavə qaz işlətmədən enerji almağa imkan verəcək. Əlaqələndirmə nəticəsində ildə 800 milyion kubmetr qaza qənaət olunacaq



Xəbər xətti