Azərbaycanın Baş naziri Hindistanı Ermənistanı silahlandırmamağa çağırıb.
Bu barədə Axar.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Qeyd olunub ki, Azərbaycanın Baş naziri Əli Əsədov bu gün Hindistanın ticarət və sənaye üzrə dövlət naziri xanım Anupriya Patel ilə görüşüb.
Görüşdə Bakıda keçirilən Azərbaycan və Hindistan arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının önəmi vurğulanıb.
İclasda qəbul edilən qərarların və imzalanan sənədlərin iki ölkə arasında münasibətlərin inkişafına təkan verəcəyinə əminlik ifadə olunub.
Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi fəaliyyəti barədə danışan Ə.Əsədov ötən dövrdə ölkənin gördüyü işlərə, irəli sürdüyü təşəbbüslərə və təşkilatın beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində atdığı addımlara görə ölkəmizə etimadın göstəricisi kimi onun Hərəkata sədrliyinin daha bir il uzadıldığını bildirib.
İkinci Qarabağ müharibəsindən sonra regionda cərəyan edən proseslər barədə fikirlərini bölüşən Baş nazir ötən dövrdə Azərbaycanın ciddi səylərinə baxmayaraq, Ermənistanın öz silahlı qüvvələrini Qarabağ ərazisindən çıxarmaqdan boyun qaçırdığını, üzərinə götürdüyü öhdəliklərdən yayınaraq danışıqlar prosesini davamlı olaraq pozduğunu, müxtəlif hərbi təxribatlara əl atdığını deyib.
Vurğulanıb ki, sentyabr ayında baş vermiş növbəti təxribatdan sonra Azərbaycan qısamüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində öz suverenliyini tam şəkildə təmin edib. Azərbaycan Ordusunun yüksək peşəkarlıq göstərərək yalnız hərbi hədəflərə zərbələr endirdiyi, mülki infrastrukturu və mülki şəxsləri hədəfə almadığı qeyd edilib.
Bildirildi ki, hazırda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqazda sülhün bərqərar edilməsi üçün tarixi şərait yaranıb. Diqqətə çatdırılıb ki, belə bir həssas məqamda Ermənistan tərəfinin fəal şəkildə silahlanması sülh prosesinə ciddi zərbə vurur, Cənubi Qafqaz bölgəsində sülh və sabitlik üçün yeni təhdidlər yaradır.
Görüşdə həmçinin Azərbaycan-Hindistan əlaqələrinin inkişaf perspektivlərim üzakirə olunub.