Kritik görüş: Erməni silahlıları məsələsinə Brüsseldə nöqtə qoyulacaqmı?

12:51 6 Aprel 2022

Bu gün hər kəsin diqqəti Belçikanın paytaxtı Brüsseldədir. Belə ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında mühüm görüş keçiriləcək. Xatırladaq ki, bu artıq Brüsseldə ikinci görüş olacaq. Şarl Mişel iki ölkə liderlərinin görüşünü ötən ilin dekabrında da təşkil etmişdi, burada bəyanat imzalanmışdı. İndi Azərbaycan ictimaiyyəti budəfəki görüşdə hansı məsələlərdə kompromis əldə olunacağı ilə bağlı müzakirə aparır. Əsas sual budur ki, bu gün Qarabağdan erməni silahlılarının çıxarılması ilə bağlı məsələyə nöqtə qoyula bilərmi? 

Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən siyasi şərhçi Turan Rzayev bildirdi ki, bugünkü Əliyev-Paşinyan görüşü 2022-ci ildə liderlər səviyyəsində keçirilən ilk görüşdür və vasitəçilik prosesində Avropa İttifaqı önə çıxır: "Qarabağdan erməni silahlılarının çıxarılması ilə bağlı razılaşma əldə olunacağını düşünmürəm. Ümumiyyətlə belə bir razılaşmanın Brüsseldə əldə edilməsi inandırıcı deyil".

Siyasi şərhçinin fikrincə, bu o demək deyil ki, rəsmi Bakı bu tələbindən əl çəkəcək: "Yox. Əksinə Prezident İlham Əliyev bu gün Brüsseldə Ermənistan baş nazirini sözün əsl mənasında küncə sıxışdıracaq. Çünki İlham Əliyevin Ermənistana verdiyi 6 ay vaxtdan 3 ay keçir. Digər tərəfdən martın 31-də Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın “erməni silahlıları Qarabağdan çıxarılmalıdır” bəyanatı mətbuatda yayımlanıb, bunun ardınca isə İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub. Yəni Qarabağdan erməni silahlılarının çıxarılmasına dair razılıq gec- tez əldə ediləcək. Ancaq bunun Brüsseldə olacağını düşünmürəm".

T.Rzayev fikrini belə izah etdi: "Çünki Rusiya faktoruda var. Moskva ya da Soçidə keçiriləcək Azərbaycan-Ermənistan görüşündə belə bir razılığın əldə edilməsi daha realdır. Hesab edirəm Brüssel görüşündə əsasən Azərbaycanın təqdim etdiyi və Ermənistanın da inkar etmədiyi 5 təməl prinsip ətrafında müzakirə aparıla bilər. Hətta bu istiqamətdə daimi fəaliyyətdə olan işçi qrupu təsis edilə bilər. Konkret sənədlərin imzalanmasını gözləmək çətindir, amma sülh danışıqlarının daimi olması üçün masanın qurulması qərarı mümkündür".

Səid İsaoğlu

SİTAT.İNFO



Xəbər xətti