Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin zəlzələ nəticəsində böyük dağıntılara məruz qalan Qəhrəmanmaraş vilayətində Azərbaycan hökumətinin yaşayış binaları və sosial infrastruktur obyektləri tikməsini nəzərdə tutan sazişi təsdiqləyib.
Sitat.info xəbər verir ki, bu barədə qərar “Rəsmi Gazete”də dərc olunub.
Sazişə əsasən, Azərbaycan Qəhrəmanmaraş vilayətində baş verən zəlzələdən zərərçəkmiş bölgələrin birində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzi tikəcək.
Azərbaycan hökuməti layihənin reallaşması üçün 100 milyon ABŞ dolları ayıracaq.
Sənəd 2 il müddətinə qüvvədə qalacaq.
Əməkdaşlıq sazişi çərçivəsində Türkiyənin Ətraf, Şəhərsalma və İqlim dəyişikliyi Nazirliyinin Mənzil İnkişaf İdarəsi (TOKİ), Azərbaycandan isə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) icraçı qurum qismində iştirak edəcək.
MİDA və TOKİ məsul şəxslərindən ibarət İşçi qrup formalaşdırılacaq. Qrup layihəni müəyyənləşdirilmiş vaxt ərzində başa çatdırmaq və tikinti işlərinin həyata keçirilməsi zamanı yarana biləcək təşkilati və hüquqi problemləri ilkin olaraq aradan qaldırmaq məqsədilə birgə çalışacaq.
Xatırladaq ki, “Azərbaycan və Türkiyə arasında Qəhrəmanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzi tikintisi barədə əməkdaşlıq haqqında” saziş 2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində imzalanıb. Sənədi Azərbaycan tərəfdən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Türkiyə tərəfdən isə ətraf, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki imzalayıblar.