Polşanın İrəvanı dəstəkləyən bəyanatı Bakıda qürur doğurdu

13:26 14 Noyabr 2023

Polşa hökuməti Ermənistanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, bu barədə Polşanın Ermənistandakı səfiri Pyotr Skveçinski erməni jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Polşa ermənilərin beynəlxalq səviyyədə tanınmış ərazisi daxilində sülh şəraitində yaşamalarını istəyir:

“Polşa Ermənistanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Qeyd etməliyəm ki, Polşa bu ilin sentyabrında faciəli günlərdə maliyyə və maddi dəstək göstərən ilk ölkələrdəndir. Biz istəyirik ki, Ermənistanda sülh olsun və ermənilər beynəlxalq səviyyədə tanınmış ərazilərdə dinc yaşasənlar”.

O vurğulayıb ki, “beynəlxalq səviyyədə tanınmış ərazi” dedikdə Qarabağı nəzərdə tutmur:

“Çünki bu ərazi heç vaxt Ermənistanın ərazisi sayılmayıb”.

Ermənistanın ərazi bütövlüyü, öz sərhədləri daxilində suverenliyi və s. ilə bağlı dünya ölkələrinin açıqlamaları vaxtaşırı olaraq səslənir. Xatırladaq ki, tam 30 il ərzində Azərbaycan mediası ölkəmizin ərazi bütövlüyünə dəstək bəyanatlarını manşetlərə daşıyırdı, Ermənistan isə sərhədlərindən çox-çox kənara çıxmışdı və ərazilərimizə iddia edirdi. Hətta Türkiyə (Ağrı), o cümlədən Gürcüstana da (Cavaxetiya) ərazi iddiaları səsləndirirdi.

Azərbaycan Ordusu və Ali Baş Komandan İlham Əliyev Ermənistanı öz sərhədlərinə sıxışdırıb: indi Ermənistan “öz sərhədləri daxilində dinc yaşamağın yollarını” axtarır…



Xəbər xətti