"Location" klubda baş verən partlayış zamanı xəsarət alan 1999-cu il təvəllüdlü Fərqanə Eynullayeva ötən gün müalicə aldığı xəstəxanada vəfat edib. Ölümündən sonra sosial şəbəkələrdə qadının gecə klublarında əyləndiyi anın görüntüləri yayılıb ki, bu da bir çoxları tərəfindən birmənalı qarşılanmayıb.
Musavat.com xəbər verir ki, görüntülərə tənqid yazanlardan biri də müğənni Nadir Qafarzadə olub.
Müğənni gəncləri öz həyatlarını məhv etməməyə çağırıb:
"İndiki bəzi qızlar niyə ailə qurub, xanım olmaq istəmirlər ki? 23 yaşlı qız həyatını məhv etdi. Öz həyatını darmadağın etdi. Məncə bu hadisə bir çox gənc xanıma dərs olar. Yazıq valideyn gör indi nə haldadır. Nə deyib ağlasın, görəsən? Ey gənclər, həyatınızı məhv etməyin!".
Nadir Qafarzadə digər şərhində isə qeyd edib:
"Mən heç kimin həyatına müdaxilə etmirəm, sadəcə gənclərimizi özünü qorumağa çağırıram. Yəni həyatda təkcə özünüzü yox, valideynlərinizi, yaxınlarınızı da düşünün".
Xatırladaq ki, Fərqanə Eynullayeva 60-62 faiz və III dərəcəli yanıq xəsarəti ilə reanimasiyada olan kritik ağır xəstələrdən biri idi.