Astara rayonunun Şahağacı kəndi ərazisindəki torpaq sürüşməsi yenidən intensivləşib.
Sitat.info xəbər verir ki, sel və daşqınlar zamanı ərazidən keçən Pensərçay torpaq qatını yuduğundan çay sahilinin evlərlə məsafəsi azalıb.
Pensərçay sağ və sol sahillərə doğru 20-25 metr genişlənib.
Sakinlərin sözlərinə görə, yol yük maşınlarının hərəkəti zamanı daha təhlükəli olur. Torpaq sürüşməsi vətəndaşların həyətyanı sahələrindəki tikililərə, meyvə bağlarına da ciddi ziyan vurub. 20 metr enində, 50 metr uzunluğunda torpaq qatının uçqunu, həmçinin, sakinlərin həyətyanı sahələrinə, yardımçı tikililərə və ağaclara da zərər vurub.
Sakinlər qarşıdakı aylarda baş verə biləcək sel və daşqınların daha böyük təhlükə yaradacağından ehtiyatlanırlar.
Məsələ ilə bağlı Şahağacı kənd bələdiyyəsinin sədri Samir Mayilov bildirib ki, 7 evə gedən yol tamamilə yuyulub. Gediş-gəliş üçün məhdudiyyətlər yaranıb:
"Baş verən təbii fəlakətlə bağlı dərhal rayon İcra Hakimiyyətində komissiya yaradılıb. Yaradılan komissiya ilə birgə həmin yerlərə baxış keçirilib. Fövqalada Hallar Nazirliyinin və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müvafiq qurumlarına müraciət olunub. Onların əməkdaşları yerlərə baxış keçirib və məsələ aktlaşdırılıb. Ərazidə bəndləşmə işləri ilə bağlı müəyyən tapşırıqların verilməsi müzakirə olunub. İlin sonuna kimi ərazidə tədbirlərin görülməsi nəzərdə tutulub”.