Aprelin 4-dən SOCAR planlaşdırılmış profilaktik işlərin aparılması üçün Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun fəaliyyətinin dayandırılması prosesinə başlayıb.
Bu barədə "APA-Economics"ə SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinin müavini, şirkətin mətbuat katibi İbrahim Əhmədov bildirib.Onun sözlərinə görə, bazar ertəsi zavodda planlaşdırılmış profilaktik işlərin aparılması üçün qurğuların bir hissəsinin işinin müvəqqəti dayandırılmasına başlanılıb.
Lazım olan işlərin həyata keçirilməsindən sonra zavodda modernləşdirilmə layihəsi çərçivəsində “Avro-5” standartı üzrə dizel istehsalına başlamaq üçün zəruri olan yeni əsas texnoloji qurğuların mərhələli şəkildə işə salınmasını planlaşdırır.
İbrahim Əhmədov onu da əlavə edib ki, NEZ-in fəaliyyəti dayandırıldığı üçün aprelin 5-dən etibarən SOCAR-ın “Azərikimya” İstehsalat Birliyi də profilaktik işlərin aparılması üçün öz fəaliyyətini dayandırıb.
Qeyd olunub ki, NEZ “Azərikimya”nın əsas xammal mənbəyidir.
Hər iki müəssisənin hansı müddətə dayandırılması və NEZ-in bağlanması zamanı şirkətin Aİ-92 markalı benzin idxal etməyi planlaşdırıb-planlaşdırmaması ilə bağlı İbrahim Əhmədov açıqlama verməyib.
Xatırladaq ki, Azərbaycanda neft təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidən qurma və moderləşdirmə işləri aparılıb.