Ermənistandan əməli addımlar görmək istərdim. Bəyanatlar səviyyəsində fərqli şeylər deyə bilərsiniz, lakin onların ardınca əməli addımlar atılmadıqda vəziyyət tamam başqa cür olur. Ermənistan toparlanıb, Rusiya ilə vidalaşmalıdır.
Sitat.info xəbər verir ki, bunu Ermənistanın “Aşxar” Strateji Araşdırmalar Mərkəzinin direktoru Qraçya Arzumanyan deyib.
“Otuz il ərzində Ermənistan hakimiyyətinin siyasəti nəticəsində Rusiya tərəfdən asılılıq təkcə hərbi mənada deyil, demək olar ki, bütün aspektlərdə böyük ölçülərə çatıb. Əgər biz bütün bu vəziyyətdən çıxmaq istəyiriksə, bunu düşünüb etmək lazımdır ki, sabah Ermənistanda fəlakət başlamasın. Deklarativ bəyanatların vaxtı bitdi. Biz artıq Rusiyaya və bütün KTMT ölkələrinə onların reaksiyasından narazı olduğumuzu bildirmişik. Onlar artıq bu barədə məlumatlıdırlar. Ona görə də indi bu barədə yenidən danışmağın mənası yoxdur. Əgər qərar vermisinizsə - davam edin. Ermənistan düşünərək bu hadisələrdə iştirak etməli, addımlarını Qərblə razılaşdırmalı və cəmiyyətə məlumat verməlidir ki, onlar da öz seçimini etsinlər. Hələ də əmin deyiləm ki, Ermənistan hakimiyyəti sabah öz mövqeyini dəyişməyəcək. Onlar Brüssel və Qranadaya getdilər, bəzi sənədləri imzaladılar, amma sonra gəlib ictimaiyyətə bildirdilər ki, xarici siyasətin heç bir vektorunu dəyişdirmirlər. Amma görürəm ki, vektor dəyişir, ona görə də istərdim ki, Ermənistan hakimiyyəti daxili siyasi həyatda daha aydın siyasət aparsın”, - o bildirib.