Noyabrın 28-də Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində şəhid Vüsal Kazımov haqqında çəkilmiş “Vüsal hicrandan acıymış” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.
Təhsil, hüquq mühavizə sektorunun və ümumilikdə çoxsaylı rayon ictimaiyyətinin iştirakı ilə baş tutan tədbir torpaqlarımızın azadlığı, suveren hüquqlarımızın müdafiəsi, sərhədlərimizin bərpası və qorunması uğrunda əbədiyyətə qovuşan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunması, Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Sözügedən təqdimat mərasimində sənədli filmin ssenari müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, yazıçı Çinarə Ömray, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova, Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov, şəhidin atası Kamran Kazımov, həyat yoldaşı Aysel Kazımova çıxış edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda getmiş haqq mücadiləsindən, şəhid Vüsal Kazımovun həyat və döyüş yolundan, şəhid ailələrinə diqqət və qayğıdan söz açıb.
Toplantı zamanı “Vüsal hicrandan acıymış” adlı sənədli filmi nümayiş olunub, iştirakçıların nəzərinə çatdırılıb. Qeyd edək ki, noyabrın 29-u Vüsal Kazımovun şəhid olmasından 3 il ötür.