Ermənistan hakimiyyəti demək olar ki, Azərbaycanın bütün əsas tələbləri ilə razılaşıb.
Sitat.info xəbər verir ki, bu sözləri erməni politoloq Ara Poqosyan söyləyib.
“Artsax”ın erməni hakimiyyəti tərəfindən rəsmi olaraq rədd edilməsi Qarabağın qeyd-şərtsiz Azərbaycan dövlətinin bir hissəsi kimi tanınması deməkdir. Digər bir gerçəklik isə Azərbaycanın təklif etdiyi sülh sazişidir. Ermənistan rəsmiləri Azərbaycanın əsas tələblərinin demək olar ki, hamısı ilə razılaşıb”, - o bildirib.
Ekspert deyib ki, sülh müqaviləsi imzalanarsa, Qarabağ ermənilərinin qayıdış problemi və Qərbi azərbaycanlıların qayıdış məsələsi beynəlxalq aləmdə eyni statusa malik olacaq:
“Erməni rəsmilər statusun bərabərləşməsini qəbul etsələr, bu, Ermənistan üçün növbəti kapitulasiya olacaq”, - o vurğulayıb.
Azərbaycanla Naxçıvan arasında quru sərhədlərin açılması barədə danışan Poqosyan bildirib ki, gömrük xidməti ermənilərin nəzarətindən çıxacaq:
“İlham Əliyevin sözlərinə görə, Azərbaycan hökuməti Zəngəzur dəhlizindən imtina etsə də, Ermənistan Azərbaycan və Naxçıvan arasında maneəsiz hərəkəti təmin etməyə borcludur. Əliyev açıq şəkildə vurğulayıb ki, yol maneəsiz, heç bir prosedur tələb etmədən olmalıdır”.
//Axar.az