Qərb Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiq edib. Sanksiyalar içərsində ən çox diqqəti çəkən məqam Rusiyadan kömür ixracatının dayandırılmasıdır. Bu Rusiya üçün nə deməkdir və Avropa Birliyi bu qadağanı necə kompensasiya edə biləcək?
Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən deputat, iqtisadçı alim Vüqar Bayramov bildirdi ki, dünən sanskiyalar ilə bağlı qərar Avropa Komissiyasının saytında yerləşdirilib və bu da qadağaların qüvvəyə minməsi anlamına gəlir: "Deməli, bu gün etibarən Avropa şirkətləri Rusiyadan kömür satın almaq müqavilələri bağlaya bilməyəcəklər. Əvvəlki dövrdə bağlanan müqavilələr isə avqustadək icra olunub başa çatmalıdır".
İqtisadçı alim bildirdi ki, Rusiyada kömür istehsalının son illər artımı qeydə alınırdı: "2021-ci ildə Rusiya istehsalı əvvəlki il ilə müqayisədə 7 faiz artıraraq 262 milyon tona çatdırıb. 2024-cü ilədək isə bu rəqəmi 445 milyon tona çatdırmağı hədəfləyirdi. Rusiyanın kömür ixracatından illik gəliri 12.4 milyard dollar idi. Avropa Birliyi Rusiyanın gömür ixracatının 26.3 faizini təşkil edirdi. Bu orta hesabla illik 3.5 milyard dollar Avropa Birliyindən kömür idxalına görə Rusiyaya valyuta ödənişi demək idi. Avropa Birliyinin son qərarından sonra digər alıcıların da Rusiyadan kömür idxalının azaldacağı gözlənilir. Belə ki, Rusiya kömür ixracatının 22 faizi Cənubi Koreya, Yaponiya və Tayvana ünvanlanıb ki, sözügedən ölkələr, xüsusən ilk iki dövlətin sanksiyalara qoşulacağı gözləniləndir".
V.Bayramov vurğuladı ki, Rusiya Avropa Birliyinin kömür idxalının 45 faizini formalaşdırırdı: "Rusiyadan ən çox kömür alan Avropa ölkəsi illik 22.3 milyon ton idxal ilə Almaniya idi. Daha sonra Niderland (15.8 milyon ton), Polşa (9.1 milyon ton) və İtaliya (5.8 milyon) Rusiyadan kömür alıcıları idilər. Kömür ixracatına müəyyənləşən qadağa Rusiya üçün valyuta gəlirlərinin azalması və məşğulluq baxımdan neqativ təsirlərə malikdir. Belə ki, Rusiya istehsal etdiyi kömürün yarıdan çoxunu ixrac edirdi. İstehsala görə dünyada Çin, Hindistan, İndoneziya, Birləşmiş Ştatlar və Avstraliyadan sonra 6-cı olan Rusiya 217 milyon ton xarici satışla ixracat həciminə görə İndoneziya və Avstraliyadan sonra ilk üçlüyə daxil idi. Bu isə o deməkdir ki, kömür qadağası Rusiya üçün valyuta itkisinə səbəb olacaq. Digər tərəfdən isə, kömür sənayesi Rusiyada məşğulluğun təminatına xüsusi dəstək verən sahələrdəndir. İxracatın minimumlaşdırılması fonunda bu sahədə də iş yerlərinin azalacağı istisna deyil. Qərb sanksiyaları genişləndirməkdə davam edir. Ukraynada isə sanksiyalara adekvat olaraq müharibənin miqyası genişlənir".
Nərgiz Liftiyeva,
SİTAT.İNFO