Daha 106 nəfər Füzuliyə qayıdır

09:00 22 Yanvar 2024

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb.

Sitat.info xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 30 ailə – 106 nəfər köçürülür.

Onlardan 17 ailə (56 nəfər) Bakı şəhərindən, dörd ailə (18 nəfər) Abşeron rayonundan, dörd ailə (15 nəfər) Sumqayıt şəhərindən, dörd ailə (14 nəfər) Füzuli rayonundan olub, daha bir ailə isə (üç nəfər) Beyləqan rayonunda qeydiyyatda olub.

Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən 25 ailə (89 nəfər) Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində məktəbin qarşısından səhər saat 07:00-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Füzuli RİH-nin nümayəndələri tərəfindən yola salınıb.

Beyləqan və Füzuli rayonunda məskunlaşmış 5 ailə (17 nəfər) məskunlaşdıqları ərazidən yola salınacaq və Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına qoşularaq bir yerdə hərəkət edəcəklər.

Köçürülənlərin nəqliyyat vasitələri karvanları Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən qarşılanacaq və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görüləcək

Bununla da bugünkü köç də nəzərə alınmaqla Füzuli şəhərinə cəmi 440 ailə (1625 nəfər) köçürülüb.



Xəbər xətti