Rusiyanın Ukraynaya hücumu və apardığı işğalçılıq siyasəti, Ukrayna xalqına qarşı həyata keçirilən soyqırım aktları bütün dünyanın hiddətini artırmaqla yanaşı, Qərbin və ABŞ-ın sanksiyalarının da sərtləşməsinə səbəb oldu. Artıq Qərbin əsas hədəfi Rusiyanın enerji asılılığından xilas olmaqdır. Buraya neft , qaz və kömür daxildir. Bəs bu qədər danışıqlara və hədələrə rəğmən, qısa müddətdə Rusiyanın enerji asılılığından çıxmaq mümkün olacaqmı?
Mövzu ilə bağlı SİTAT.İNFO-ya danışan politoloq Elçin Mirzəbəyli bildirdi ki, artıq Avropa İttifaqı Rusiyaya hər il təxminən 4 milyard avro gəlir gətirən daş kömür idxalından imtina edib: "Lakin “Rusiyanın Almaniyaya təzyiqlərini nəzərə alaraq” daş kömür idxalı ilə bağlı sanksiyanın tətbiqini qeyri-müəyyən vaxta kimi təxirə salıb. Neft, neft məhsulları və təbii qaza gəldikdə isə, bu məsələlərlə bağlı Avropa İttifaqında yekun rəy yoxdur. Avropa Komissiyası may ayında Rusiyadan alınan neft, qaz və daş kömürdən imtina ilə bağlı “Repower EU” adlı plan təqdim edəcək. Bu plana əsasən, Aİ Rusiyadan aldığı enerji resurslarını bərpa olunan enerji ilə əvəz etməlidir".
Politoloqun sözlərinə görə, mövcud plana uyğun olaraq, Aİ bərpa olunan enerjinin həcmini 2030-cu ilədək 40%-ə çatdıra biləcək: "Bununla yanaşı, alternativ mənbələrdən, o cümlədən İsraildən alınan resurslar hesabına Aİ Rusiyadan asılılığına son qoymağa çalışacaq. Amma göründüyü kimi, bütün bunlar uzaq perspektivə hesablanmış addımlardır. Təbii ki, əgər Avropa İttifaqı Rusiyadan enerji asılılığını tədricən aradan qaldırmaq istiqamətində addımlar atacaqsa və bu proses bir neçə ilə davam edəcəksə, Rusiyanın Aİ ölkələri üzərində təsir imkanlarını qorumaq üçün də müvafiq tədbirlər həyata keçirəcəyi gözləniləndir".
E.Mirzəbəyli bildirdi ki, hər halda Rusiya əlini əlinin üzərinə qoyub gözləməyəcək: "Həyata keçirilməsi nəzərdə tutulan lahihələrin gerçəkləşməməsi üçün müvafiq addımlar atacaq, təbii qazın qiymətinin artmasına çalışacaq və s. Amma kimsə gözləyirsə ki, Avropanın Rusiyadan enerji asılılığına qısa bir zaman kəsiyində nöqtə qoyulacaq, bu inandırıcı görünmür. Bu istiqamətdə verilən bəyanatlar informasiya savaşının elementləridir və əsasən Rusiyanın ictimai rəyinə hesablanıb".
Nərgiz,
SİTAT.İNFO