Peyvənd edilməyən uşaqların bağçaya qəbulu dayandırılıb? - RƏSMİ AÇIQLAMA

13:45 6 Fevral 2024

Son zamanlar qızılca virusunun uşaqlar arasında sürətlə yayılması fonunda bağçalarda uşağın qızılcaya qarşı peyvənd olunması ilə bağlı arayış tələb edildiyi iddia olunur. İddialar sosial şəbəkələrdə də geniş müzakirə olunur.

Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Sitat.info-ya bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” haqqında qərarının 3-cü maddəsinin 4-cü bəndinə əsasən aşağıdakı sənədlər tələb edilir:

- müəssisənin müdirinin adına ərizə;

- valideynin (qanuni nümayəndənin) şəxsiyyətini təsdiq edən sənədin surəti;

- uşaqların mübadilə vərəqəsi;

- uşağın doğum haqqında şəhadətnaməsinin surəti;

- uşağın 3x4 ölçüdə 2 ədəd fotoşəkli;

- sağlamlığının vəziyyəti barədə arayış.

Bildirilib ki, mübadilə vərəqəsi - uşağın doğuşdan etibarən keçirdiyi xəstəliklər və vurulmuş peyvəndlər haqqında məlumatları özündə əks etdirən sənəddir.

“Mübadilə vərəqi də daxil olmaqla, yuxarıda qeyd edilən sənədlərdən hər hansı olmadıqda uşağın bağçaya qəbulu mümkün deyil” – məlumatda qeyd edilib.



Xəbər xətti