Təhsil eksperti DİM-ə etiraz etdi: “Bu sualları qəbul imtahanlarından çıxarın”

12:56 12 Aprel 2022

Martın 5-i və 6-da keçirilən buraxılış imtahanların nəticəsinin aprelin 1-i elan edilməsi və martın 12-i keçirilən qəbul imtahanın nəticələrinin hələ də elan olunmaması valideynlərin və abituriyentlərin narazılığına səbəb olub. Eyni zamanda buraxılış imtahanlarının nəticələrindən narazı qalan çox sayda abituriyent apellyasiya şikayəti verib.

SİTAT.İNFO-nun əməkdaşı məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədovdan açıqlama alıb.

K.Əsədov saytımıza açıqlamasında bildirib ki, Dövlət İmtahan Mərkəzi 3 ildən çoxdur ki, buraxılış imtahanlarına təkcə açıq və qapalı suallar yox, situasiya tipli suallar da salıb: “Situasiya tiplu suallar cavabı birbaşa imtahan iştirakçısı tərəfindən yazılan sual modelləridir. 2018-2019-cu illərdə tətbiq edilən imtahan modellində, nəticələr 72 gün sonra çıxmışdı. Belə ki, həm buraxılış, həm də qəbul imtahanlarında test tapşırıqlarının müəyyən bir qismi situasiya tipli suallar idi. İmtahan iştirakçısı verilən tapşırığı əli ilə yazırdı və həmin suallar markerlər tərəfindən yoxlanılırdı”.

Təhsil ekspertinin fikirlərinə əsasən, mart ayının 5-i və 6-ı keçirilən imtahanların nəticələri açıqlandıqdan sonra, test tapşırıqlarının yoxlanması zamanı kifayət qədər böyük sayda qüsurlara yol verildiyi ortaya çıxdı: “Əgər 50 minə yaxın insan  5 və 6 martda keçirilən imtahanlarda iştirak etmişdisə, onlardan 6 min nəfəri imtahan nəticələrindən narazı qaldı və imtahan nəticələrindən apellyasiya şikayəti verdilər. Bu ciddi bir problemin ortaya çıxdığını göstərir. Hesab edirəm ki, imtahan nəticələrinin 1 ay sonra elan edilməsi yaxşı hal deyil”.

Kamran Əsədovun sözlərinə görə, bu onu göstərir ki, DİM artıq imtahanları keçirmək kimi bir yükü götürə bilmir: “Çünki kifayət qədər fərqli imtahanlar keçirir: 9,11-ci siniflərə buraxılış imtahanı, qəbul imtahanları, dövlət qulluğuna qəbul imtahanı, magistratura imtahanı və digər dövlət qurumlarının müəyyən etdiyi imtahanlar, eyni zamanda beynəlxalq imtahanlar. Hesab edirəm ki, DİM buraxılış və qəbul imtahanlarında bu tip problemlərin aradan qalxması üçün, imtahan nəticələrinin daha çevik və tez çıxması üçün əvvəlki modeldə olan test tapşırıqlarından istifadə etməlidir. İmtahandan situasiya tipli suallar çıxardılmalıdır, əvəzində açıq və qapalı suallardan istifadə edilməlidir”.

Təhsil eksperti vurğuladı ki, cavablar gec açıqlandığı üçün tələbələrin apellyasaiya şikayəti verməsi də çətinləşir: “DİM mart ayının 5-i və 6-ı keçirdiyi imtahanın nəticələrini aprelin 1-də elan etdi, martın 12,13-də keçirdiyi imtahanın nəticələrini aprelin 12-də elan etməyi düşünür. Daha sonra isə tələbələrə təklif edir ki, hansı sualdan narazısınızsa apellyasiya şikayəti verin. Təsəvvür edin, DİM tələbələrin heç birinə sual kitabçasını vermir, amma, təklif edir ki, yadınızda qalan sualların cavabları əsasında şikayət verin.  Əlbətdə ki, uşaqlar onlara təqdim edilmiş 85 test tapşırığını yadda saxlaya bilməzlər. Ona görə də bu problemə səbəb olur. Bəlkə də DİM-in tərtib etdiyi suallarda ciddi qüsurlar var, amma həmin suallar uşaqların yadında deyil. Uşaqlara sual kitabçası verilmədiyi üçün, abituriyentlər apellyasiya şikayəti verdikdə sualların nömrəsini, ya da məzmununu unutduqları üçün problem yaşanır. İmtahan nəticələrinin 1 aydan sonra çıxması 2022-ci il üçün böyük problemdir”.

Kamran Əsədov məsələnin həlli üçün təklif də irəli sürdü: “Bizim sualları yoxlayacaq markerlərin sayı azdır. Ümumilikdə situasiya sualları məktəbdaxili imtahanlar üçündür. Bu suallarla buraxılış və qəbul imtahanları keçirmək olmaz. Daha hazırlıqlı abituriyenti seçmək üçün açıq və qapalı tipli suallar kifayətdir. Uşaqlara məxtəbdaxili KSQ və BSQ imtahanlarında onsuz da situasiya sualları verilir. Hesab edirəm ki, qəbul və buraxılış imtahanlarından situasiya tipli suallar çıxarılmalıdır. Bu da imtahan nəticələrinin 3-4 gün ərzində elan olunmasına imkan verəcək. İmtahan nəticələrinin gec elan olunması və nəticələrə bu qədər etiraz edilməsi bizə DİM-də imtahanların təşkili xüsusiylədə yoxlanılması ilə bağlı ciddi problemlərin olduğunu göstərir və bu vəziyyətdən çıxış yolunu qəbul və buraxılış imtahanlarında situasiya suallarının çıxarılmasında görürəm”.

Safura, 

SİTAT.İNFO



Xəbər xətti