Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun bankın İdarə Heyətinin üzvü vəzifəsindən azad olunması məsələsi bu gün parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq.
Həmin iclasda "PAŞA Bank” -ın Baş İcraçı Direktoru və İdarə Heyətinin sədri Taleh Kazımovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatına baxılacaq
Bəs görəsən, Mərkəzi Bankın Elman Rüstəmov dövrünü necə xatırlayacağıq ?
Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirdi ki, bank sektorunda rəqəmsal transformasiya sahəsində problemlər çoxdur: " Mərkəzi bank daim maliyyə-bank sektorundakı konservativ mühitin saxlanmasında, özünün üstün mövqeyinin qorunmasında maraqlı olub. Yalnız ASAN bir neçə rəqəmsal həll yaratmaqla bu sektorda müəyyən liberallaşma yaratmışdı. Digər tərəfdən uzun illər, təxminən 10 il MB "Ödəniş sistemləri və ödəniş xidmətləri haqqında Qanun layihəsini hazırlayıb ortaya çıxara bilmədi . Hər il keçirilən Bankçılıq forumunda bununla bağlı mənasız vədlər verilib".
O.Gündüz qeyd etdi ki, ötən dövrdə kriptovalyutaların tənzimlənməsi, rəqəmsal manatla bağlı hər hansı konkret bir addım atılmadı: " Açıqlamalarında " bu qatarın önündə durmaqdansa ona minmək lazımdır" deyə bildirmişdilər. Qonşu ölkələrin təcrübəsinə baxanda görmək olur ki, rəqəmsal bankçılıq qatarında indiki MB rəhbərliyi yoxdur. Eyni zamanda rəqəmsal bankçılıqda uzun illər davam edən problemlərin çox hissəsi həll edilməyib. Açıq bankçılığa, APİ üzərindən bank servislərinin tətbiqinə uzun illərdi ki imkan verilməyib. Son illərdə isə yalnız Elman Rüstəmova məxsusluğu bildirilən Bank Respublika-ya bu istiqamətdə hansısa bir addımlar atmağa icazə verilib".
Ekspert vurğuladı ki, Mərkəzi Bank uzun illərdi ki, PayPal, Revolute, Strike kimi qlobal ödəniş sisteminin tam funksionallığı ilə ölkəmizdə fəaliyyətə başlamasında maraqlı olmayıb və buna ciddi səy göstərilməyib: "Ölkəmizdə xaricdən ödənişlərin əldə olunmasında ciddi problemlər qalır. YouTube və digər sosial media platformalarında pul qazananlar vəsaiti əldə etməkdə zülüm çəkirlər. Google AdSens ilə bağlı problemlər öz həllini tapmayıb. Bəzi hallarda bu tip vəsaitlər ümumiyyətlə qəbul edilmir və geri qaytarılır. Nəqdləşməyə tətbiq edilən 1% məsələsi də əlavə məhdudiyyətlər yaradır, rəqəmsallaşmaya mane olur və s".
Nərgiz,
SİTAT.İNFO