Qar Nyu-Yorkda xaos yaradıb - şəhər qara təslim olub-Fotolar

18:57 30 Yanvar 2022

Qar fırtınası Nyu-York şəhərini iflic edib.

Sitat.info Report-a istinadən xəbər verir ki,  şəhərdə nəqliyyatın hərəkəti demək olar ki, məhdudlaşıb. Aramsız yağan qar həyatı iflic edib.

Nyu-York bələdiyyəsinin tabeliyindəki qartəmizləyən maşınlar 24 saatlik intensiv iş rejminə keçib. Şəhərin yeni meri Erik Adams insanları evdən çıxmamağa və ehtiyac olmadığı halda şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyə çağırıb. Bəzi yerlərdə qarın hündürlüyü 24-30 santimetrə qədər çatıb. Şəhərdə qar fırtınası səbəbi ilə restoranların fəaliyyəti dayanıb, iaşə obyektlərinin əksəriyyəti bağlanıb.

Nyu-Yorkda yerləşən Con Kennedi və La Quardia hava limanlarında 730-dan çox uçuş ləğv olunub. Hava limanları növbəti 12 saat ərzində uçuşların yenidən bərpa olunacağını açıqlayıb.

Kəskin hava şəraiti, güclü qar yağışından ən çox evsiz insanlar əziyyət çəkir. Nyu-York bələdiyyəsi evsiz insanlar üçün müvəqqəti sığınacaqlar yaradıb. Meteoroloqlar qar fırtınasının növbəti bir neçə gün ərzində Nyu-Yorku təsir altında saxlayacağını bildiriblər.




Xəbər xətti