İran məhkəmə sisteminin ifşa olunan gizli sənədlərində etiraz aksiyasında həbs edilən yeniyetmə qız Nika Şakərəminin məmurlar tərəfindən zorlandığı məlum olub.
Sitat.info xəbər verir ki, bu barədə “Əli ədaləti” haker qrupunun yaydığı məlumatda bildirilib.
17 yaşlı qızın ölümü barədə Tibbi Ekspertiza Mərkəzinin “çox məxfi” qrifi ilə sənədləşdirilən arayışında onun təcavüzə məruz qaldığı qeyd edilib.
“Nika Şakərəminin bədənində münaqişə və ya müdafiə zəminində aldığı zədə ilə uyğun gələn xəsarətlərlə yanaşı, genital müayinədə zorlama və ya zorakı cinsi əlaqənin izləri aşkar edilib”, - arayışda bildirilib.
Qeyd edək ki, Nika Şakərəmi 20 sentyabr 2022-ci il gecə saatlarında Tehranın Keşavərz bulvarında yoxa çıxıb.
Sentyabrın 30-da isə N.Şakərəminin valideynləri Tehranın Kəhrizək həbsxanasında onun meyitini aşkar ediblər. Hökumətin rəsmi məlumatında Nika Şakərəminin binadan yıxılaraq öldüyü iddia edilib.
Xatırladaq ki, fevralın 20-də “Əli ədaləti” haker qrupu İran məhkəmə sisteminin 3 milyon sənədini ələ keçirib və onlardan bir neçəsini yayıb.