Dohada Azərbaycan Milli Günü təşkil olundu

18:14 22 Fevral 2024

Fevralın 22-də Qətərdə “Doha Ekspo 2023” Beynəlxalq Bağçılıq Sərgisində (International Horticultural Expo 2023 Doha) Azərbaycanın Milli Günü keçirilib.

Sitat.info xəbər verir ki, 2023-cü il oktyabrın 2-də başlayan və bu il martın 28-dək fəaliyyət göstərəcək “Doha Ekspo 2023” Beynəlxalq Bağçılıq Sərgisi “Yaşıl səhra, daha yaxşı ətraf mühit” (Green Desert, Better Environment) mövzusunda təşkil edilib. Məqsəd davamlı innovasiyaları təşviq etmək və səhralaşma ilə mübarizə aparmaqdır. “Doha Ekspo”da fəaliyyət göstərən pavilyonlar sırasında Heydər Əliyev Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə yaradılan Azərbaycan pavilyonu da yer alıb.

“Doha Ekspo”da təşkil olunan Milli Gün çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti Qətərin dövlət naziri Həməd bin Abdulaziz Al-Kuvari, bu ölkənin mədəniyyət naziri Şeyx Abdülrəhman bin Həməd Al Tani, bələdiyyə naziri Abdullah bin Həməd bin Abdullah Al Atiyya, “Doha Ekspo 2023”ün Baş komissarı Bader bin Omar Al Dafa ilə görüşdə ölkəmizin Ekspo sərgilərindəki təcrübəsi, eləcə də “Doha Ekspo 2023”də uğurlu iştirakı barədə müzakirələr aparıb.

Daha sonra Milli Günün açılışı olub, Azərbaycanın Dövlət Himni səsləndirilib və Dövlət Bayrağı qaldırılıb.

Tədbirdə Azərbaycanın və Qətər Dövlətinin rəsmiləri, bu ölkədə akkreditasiya olunmuş 60-a yaxın ölkənin səfiri iştirak edib.

Milli Günün açılış tədbirində çıxış edən Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Azərbaycan-Qətər münasibətlərinin qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslandığını, sıx təmasların iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verdiyini bildirib. “Doha Ekspo 2023”də Azərbaycanın Milli Gününün keçirilməsinin ölkəmiz üçün əhəmiyyətli olduğunu vurğulayan Anar Ələkbərov Beynəlxalq Bağçılıq Sərgisinin dünyanın gündəmindəki ən vacib məsələlərdən birinə - iqlim dəyişmələri ilə bağlı məsələlərə töhfə verəcəyinə ümidvar olduğunu deyib.

Ölkəmizin dünyanı narahat edən iqlim dəyişmələri ilə bağlı qlobal məsələlərin həllinə böyük önəm verdiyini və bu istiqamətdə əməli işlər görməkdə davam etdiyini diqqətə çatdıran Prezidentin köməkçisi bu baxımdan Azərbaycanın noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edəcəyini xüsusi vurğulayıb.

Dohada belə uğurlu və vacib platformanı təşkil etdiyi üçün Qətər Dövlətinə təşəkkürünü bildirən Anar Ələkbərov deyib: “Ölkələrin bir araya gəlməsi humanitar əlaqələrin və əməkdaşlığın inkişafı üçün çox önəmlidir. Qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan xalqlarımız tarixən dini və mədəni əlaqələrlə bir-birinə bağlı olub. Hazırda iki ölkə arasında münasibətlər qarşılıqlı dostluq prinsiplərinə əsaslanır. Ölkələrimiz arasında əlaqələr müxtəlif sahələrdə dinamik inkişaf edir. Hesab edirəm ki, dostluq münasibətlərinə əsaslanan əməkdaşlıq münasibətlərimiz bundan sonra da uğurla davam edəcək”.

Sonra “Doha Ekspo 2023”ün Baş komissarı Bader bin Omar Al Dafanın çıxışı olub. O bildirib ki, “Doha Ekspo” bizi dünya ölkələrinə maraqlı “səyahət”ə aparır. Bu gün isə qardaş Azərbaycan Respublikasının Milli Gününü qeyd etmək üçün bir araya gətirib.

Ölkəmizin bu il COP29-a ev sahibliyi edəcəyini xatırladan Bader bin Omar Al Dafa deyib ki, Azərbaycan iqlim dəyişikliyi məsələləri ilə bağlı beynəlxalq müzakirələrdə davamlılığı və əməkdaşlığı yaxşılaşdırmaq üçün COP28-ə ev sahibliyi etmiş Birləşmiş Ərəb Əmirlikləri və COP30-u qəbul edəcək Braziliya ilə fəal tərəfdaşlıq edir.

Füsunkar təbiətə malik Azərbaycanın iqlim məsələləri ilə yanaşı, iqtisadiyyatın şaxələndirilməsinə də böyük önəm verdiyini vurğulayan “Doha Ekspo 2023”ün Baş komissarı deyib: “Azərbaycanda investisiya siyasəti innovasiyaya və texnologiyaya əsaslanır. Azərbaycan neft-qaz sektorundan başqa, digər sahələri də sürətlə inkişaf etdirərək iqtisadiyyatının şaxələndirilməsini uğurla həyata keçirir. Bütün bunlar ölkədə bərpaolunan enerji, kənd təsərrüfatı sənayesi və turizm kimi inkişaf edən sahələrdə investorlar üçün geniş fürsətlər yaradır. Azərbaycan geniş turizm imkanlarına malikdir, Xəzərə tökülən çaylar, şimalda Böyük Qafqaz dağları, ölkənin mərkəzi hissəsində isə geniş ovalıqlar. Azərbaycanın “Doha Ekspo 2023”də iştirakı bu sərginin hədəfləri ilə səsləşir, bu da dost dövlətin beynəlxalq əməkdaşlığa, faydalı tərəfdaşlıqlara və investisiyalara töhfəsidir. Ona görə Qətərdəki dövlət və özəl sektoru deyil, ümumiyyətlə Ekspoda iştirak edən digər dövlətlərin də Azərbaycandakı investisiya mühitindən, bu ölkənin iqtisadiyyatın bir çox sahəsindəki uğurlu təcrübəsindən istifadə etməsini gözləyirik”.

Daha sonra Xalq artisti Azər Zeynalovun ifasında “Azərbaycan” mahnısı, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında isə qədim xalq rəqslərimizdən olan “Uzundərə” rəqsi təqdim edilib. Mərasim çərçivəsində, həmçinin Azərbaycanın təbiəti və tarixi abidələrini əhatə edən fotosərgi təşkil olunub.

Açılışdan sonra tədbir iştirakçıları “Doha Ekspo 2023” Beynəlxalq Bağçılıq Sərgisindəki Qətər pavilyonuna baxış keçiriblər.

Qeyd edək ki, ərazisi 1,7 milyon kvadratmetr olan “Doha Ekspo 2023” Qətər paytaxtının ən böyük parklarından biri olan Al Bidda parkında keçirilir. Burada ərazi pavilyonların təqdim edildiyi Beynəlxalq Zona, əyləncəli tədbirlərin keçirildiyi Ailəvi Zona və müxtəlif debatların, konfrans və sərgilərin təşkil edildiyi Mədəniyyət Zonası olmaqla üç zonaya bölünüb. Sərgidə 70-dən çox ölkə və 20-yə yaxın beynəlxalq təşkilat iştirak edir.

Qonaqlar daha sonra Azərbaycan pavilyonunu ziyarət ediblər. Burada “Doha Ekspo”nun ümumi mövzusuna uyğun Azərbaycan florasının zənginliyi göstərilir və iqlim zonalarına uyğun olaraq bitkilərdən kompozisiyalar yaradılıb. Pavilyonda Qarabağ florasının tacı olan Xarıbülbül gülünün gözəlliyi də ziyarətçilərə çatdırılır.

Pavilyonda, həmçinin Azərbaycan mədəniyyətinə dair eksponat və məlumatlar yer alıb. Burada xalçaçılıq, misgərlik, şəbəkə kimi xalq sənətkarlığı, milli geyimlər, eləcə də muğam triosu nümayiş olunur.

Qonaqların pavilyona ziyarəti zamanı muğam triosunun ifası olub, kvartetin ifasında Azərbaycan bəstəkarlarının əsərlərindən nümunələr, milli mətbəximiz təqdim edilib.

“Doha Ekspo 2023”də Azərbaycanın Milli Günü axşam saatlarında Azərbaycan Mədəniyyət Nazirliyi ilə birgə təşkil olunan konsert proqramı ilə davam edəcək. Qeyd edək ki, fevralın 21-dən 24-dək Qətərdə, həmçinin Azərbaycan Mədəniyyəti Günləri keçirilir.

Ekspo tədbirlərinə xüsusi önəm verən ölkəmiz bundan əvvəl Milan, Antalya, Astana, Pekin kimi şəhərlərdə keçirilən beynəlxalq sərgilərdə uğurla iştirak edib və yüksək mükafatlara layiq görülüb. Bu beynəlxalq platformada uğurlu iştirakı ilə seçilən ölkəmiz, həmçinin “Osaka, Kansai Ekspo 2025” dünya sərgisində təmsil olunacaq. Yaponiya ilə əlaqələrə və dünya Ekspo sərgilərində iştiraka yüksək əhəmiyyət verən Azərbaycan “Osaka, Kansai Ekspo 2025”də iştirakçı müqaviləsini imzalayan ilk ölkədir.



Xəbər xətti