Xəbər verdiyimiz kimi, Azərbaycandan göndərilən 432,5 ton təzə pomidor Rusiyaya buraxılmayıb. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti bu barədə məlumat yayıb.
Azərbaycan Qida Təhlükəsizlik agentliyinin sədri Qoşqar Təhməzli isə Rusiyanın iddalarını inkar edir, belə hal yaşanmadığını bildirir. “Rusiyanın müvafiq qurumu tərəfindən Azərbaycandan ora gedən pomidorlara qadağaların qoyulması ilə bağlı qərar yoxdur. Hazırda Azərbaycandan ixrac olunan pomidor və alma məhsullarının ixracı mükündür. Bununla bağlı hər hansı bir məhdudiyyət yoxdur”.
Bu açıqlama da onu göstərir ki, Rusiya həm Türkiyəyə, həm də Azərbaycana kənd təsərrüfatı məhsullarının idxalı məsələsindən siyasi təziq vasitəsi kimi istifadə edir. O zaman biz niyə kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı Rusiya asıllığından çıxa bilmirik və bunun üçün əlavə alternativ bazarlar tapmırıq?
Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirdi ki, Rusiya bizim üçün ən yaxın bazar olduğuna görə Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı Rusiya asıllığından çıxa bilmir: “Digər qonşu ölkələr kənd təsərrüfatı məhsullarına olan təlabatlarını özləri təmin edə bilirlər. Həm də onlar Rusiya qədər böyük ölkələr deyil. İran, Türkiyə, Gürcüstan özlərini təmin edə bildikləri üçün bizə ehtiyacları yoxdur”.
Daha uzaq xarici bazarlarda kənd təsərrüfatı məhsullarının satışı məsələsinə toxunan ekspertin fikirlərinə görə, son illərdə bu məsələ ilə bağlı işlər görülsə də Avropa bazarına çıxmaq üçün müəyyən standartlar var: “İkinci məsələ isə odur ki, logistika və daşınma xərci çox olacaq. Amma bunu da müəyyən etmək lazımdır ki, həmin ölkələrin Rusiya qədər kənd təsərrüfatı mallarına ehtiyacı varmı. Çünki onlar da müəyyən qədər başqa ölkələrdən məhsulları əldə edirlər. Bu baxımdan obyektiv yanaşsaq, Rusiya bizim üçün ən sərfəli bazardır. Bu faktdır ki, biz başqa bazarlara Rusiyaya satdığımız qədər məhsul sata bilməyəcəyik. Həm də satışdan əlavə Rusiyada bizim həmyerlilərimizdə çoxdur və bu əlaqə qurmaq baxımından da vacibdir. Bu sahədə Rusiyaya ciddi alternativ görmürəm”.
Safura Bənnayeva
SİTAT.İNFO