Nazirlər Kabinetinin (2016-cı il 5 fevral tarixli) 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında qərar birmənalı olaraq ehtiyacı olan ailələrin bu yardımı almasını əngəlləyir. Qərarın 3.7.2, 4 və 5-ci bəndləri acınacaqlı vəziyyətdə yaşayan və hətta deyərdim ki, kömək edənlər olmasa, acından öləcək vətəndaş və ailələrin ünvanlı sosial yardım almasını əngəlləyir.
Sitat.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.
O qeyd edib ki, ”ailənin orta aylıq gəlirinin hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda”, “ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda”, “ailənin işləməyən üzvü Dövlət Məşğulluq Agentliyi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə” bəndləri o ailələrin yaşdıqlrı reallıqlarla tərs mütənasibdir:
“Agentlik iş təklif edir, amma işəgötürəni məcbur edə bilməz ki! Sadəcə bu, ötür-ötür oyunudur. Cənab Baş nazir, mən bunu inanın ki, havadan demirəm. Yüzlərlə ailə ilə görüşmüşəm və reallığı sizə deyirəm: Bu qərarı dəyişin. Bu məsələdə real vəziyyəti bilmək istəyirsinizsə, sizinlə görüşüb əsaslandıra bilərəm. Siz özünüz də görəcəksiniz ki, dediklərimdə zərrə qədər də olsun şişirtmə yoxdur. O çarəsizlərin səsini sizə çatdırıram. Çörək pulu - məcburi köçkünlərə verilən vahid aylıq müavinət ərindən boşanmış məcburi köçkün qadınlara şamil edilmir. Məcburi köçkün qadının ərindən boşanandan sonra köçkün statusunun bərpası və çörək pulunun verilməsinin bərpası vacibdir. Müavinət Nazirlər Kabinetinin (2017-ci il 24 yanvar tarixli) 11 nömrəli qərarı ilə təsdiq edilmiş Qayda əsasında təyin edilir. Bu qaydalara yeni bir bənd əlavə edilməsini və məcburu köçkün qadın məcburi köçkün olmayan ərindən boşanandan sonra onun köçkün statusunun bərpa edilməsini təklif edirəm ki, onlar da çörək pulu ala bilsinlər. Ümid edirəm ki, Nazirlər Kabineti bu təklifimi dəyərləndirib müvafiq düzəlişi edəcək. İmişlinin kanalizasiya sistemi çəkilib və yarımçıq qalıb. Hazırda İmişli İcra Hakimiyyəti tərəfindən 48 küçəyə asfalt vurulub. İndi nə zamansa, kanalizasiya çəkiləndə o yollar dağılacaq.
İmişlidə yeni tikililər olur, şəhər inkişaf edir. Amma əhali ciddi şəkildə narahatlıqla üzləşir. Kanalizasiya sistemi olmadan şəhərin səmərəli və planlı inkişafı mümkün deyil. Xahiş edirəm, cənab Baş nazir, İmişlinin yarımçıq qalmış kanalizasiya sisteminin tamamlanması üçün vəsait ayrılsın”.
Deputat bildirib ki, təkliflər veririk, qanun və tələb çərçivəsində xahiş edirik, onlara şablon cavablar olur:
“Qanunlar, görülən işlər sadalanır və sonra da vurğulanır ki, bu sahədə işlər davam etdiriləcək. Axı bu, cavab deyil. Hörmətli Baş nazir, sizdən xahişim budur ki, Nazirlər Kabinetinin üzvlərinə tövsiyə edin ki, həm özləri, həm də işçiləri konkret olsunlar, vətəndaşlara verdikləri şablon və hazır mətnləri deputatlara da göndərməsinlər. Edilən müraciətlərə, məktublara, zənglərə hörmətlə yanaşsınlar, məqsədəuyğun cavab versinlər və daha çox həll variantına köklənsinlər.
Əziz və hörmətli Baş nazir, Sizdən çox razıyam və Sizə dərin hörmətlə yanaşıram. Sizdən digər xahişim budur: Nazirlər Kabineti və kabinetə daxil olan yeni işçilərə, xüsusən cavan kadrlara, kabinetinizin üzvlərinə tövsiyə edin ki, işə götürdükləri, təyin etdikləri, yaxud təyin olunan yeni kadrlara desinlər ki, onlar birinci növbədə ölkəni tanısın, siyasi cəhətdən savadını artırsın və ən azından ən yeni tariximizi və onun simalarını tanıyıb hörmət etsin. Böyüklərin təcrübəsini öyrənsinlər. Problemləri həll etmək, idarə etmək təcrübəsinə yiyələnsinlər. Onlar özlərini təvəzökar, qayğıkeş və rəhbərlik tərəfindən qoyulan şərtlərə uyğun aparmalıdır. Vəzifə üstünlük yaratmaqla bərabər, həm də ciddi məsuliyyət və öhdəliklər yaradır. İnanıram ki, indiki dövrdə vəzifə siyasi və digər xidmətlərə görə verilmir. Vəzifə vətəndaşlara və dövlətə xidmət üçündür.
Ökəmizin şəhər və qəsəbələrində tullantılarla bağlı vəziyyət çox acınacaqlıdır. Bölgələr üzrə 5-6 tullantı zavodunun tikintisinin həll edilməsini xahiş edirəm. Yüz minlərlə insan tullantıların yaratdığı antisanitariya vəziyyətindən əziyyət çəkir. Elə biri də mənim deputatı olduğum İmişli rayonu. Tullantı zavodlarının tikilməsi böyük sərmayələr tələb edir. Əgər özəl sektoru, xarici sərmayəçiləri cəlb edə bilmiriksə, bir neçə zavodun dövlət büdcəsi hesabına maliyyələşdirlməsini vacib hesab edirəm və hökuməti bu məsələni ciddi nəzərdən keçirməyə dəvət edirəm. Digər tərəfdən, özəl sektor və dövlət əməkdaşlığı da bu layihələrə kömək edə bilər”.