Türkiyə-İsrail münasibətləri normallaşır: Ərdoğan Qüds məsələsini unutdu, yoxsa...?

15:53 14 Aprel 2022

Türkiyə-İsrail münasibətləri getdikcə daha isti mərhələyə qədəm qoyur. Artıq iki dövlət arasında diplomatik təmasların sayının artması gözlənilir. Məlum olduğu kimi, may ayında Türkiyə rəsmilərinin İsrailə səfəri gözlənilir. Bu gün həmin səfərlə bağlı danışan Türkiyə XİN rəhbəri görüşün may ayının sonuna doğru gerçəkləşəcəyini bildirib.

Bəs görəsən, münasibətlərin normallaşması İsrail-Fələstin məsələsinə necə təsir edəcək? Türkiyə bu istiqamətdə nəticə əldə etməyə çalışacaq, yoxsa barışıq naminə bu mövzu gündəmdən çıxarılır? 

Mövzu ilə bağlı  SİTAT.İNFO-ya danışan siyasi şərhçi Turan Rzayev bildirdi ki, son 12 ildə ilk dəfə iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində  addım atılır: "Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun mayda İsrailə getmək xəbəri yeni deyil. Məsələ ondadır ki, martın 9-da İsrail Prezidenti İshaq Hersoq Türkiyəyə səfəri etmişdi. Bu səfər zamanı Çavuşoğlunun İsrailə səfəri qərarlaşdırılmışdı. Bu iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində müsbət addım ola bilər. Türkiyə ilə İsrail arasındakı əlaqələrdə ilk açıq gərginlik 2009-cu ilin yanvarında Davos Forumunda hiss edilmiş, həmin tədbirdə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Fələstin məsələsinə görə İsrail Prezidenti Şimon Peresi sərt şəkildə tənqid etmişdi. İki ölkə arasında gərginlik 2010-cu il mayın 31-dən Fələstinin Qəzza zolağına humanitar yardım aparan Türkiyənin “Mavi mərmərə” gəmisinə İsrail hərbçilərinin basqını sonrası isə pik həddə çatmışdı. Həmin hadisə nəticəsində Türkiyənin 9 vətəndaşı israilli hərbçilər tərəfindən öldürülmüşdü. Bundan sonra isə iki ölkə arasında vəziyyət böhran həddə çatmışdı. Türkiyə Təl-Əvivdəki səfirini, İsrail isə Ankaradakı səfirini geri çağırmışdı və iki ölkə arasında diplomatik əlaqələr kəsilmişdi. Hazırda isə biz tərəflər arasında münasibətlərin yenidən normallaşdığını müşahidə edirik".

T.Rzayev vurğuladı ki, xüsusilə regionda enertjimaraqların üst-üstə düşməsi İsrail-Türkiyə münasibətlərini normallaşmağa vadar edir: " Belə ki, Türkiyə hazırda regionda enerji daşıyıcısı ölkə olmaq niyyətindədir. İsrail də öz növbəsində "Tamar” və "Leviatan” qaz yataqlarından Avropaya qaz ixrac etməklə regionda önəmli enerji oyunçusuna çevrilmək istəyir. Lakin bu ölkənin nə Avropa ilə, nə də Türkiyə ilə birbaşa quru bağlantısı yoxdur. Bunu Ankara da yaxşı bilir. Türkiyə onu da bilir ki, o, enerji ölkəsi deyil. Əksinə, Avropa ölkəsi kimi təbii qaz asılılığı olan ölkədir. Ankara "EastMed” qaz kəmərinin Türkiyədən yan keçməsini deyil, əksinə onun ərazisi ilə TAP və TANAP layihəsinə birləşməsini istəyir. Bu baş versə regionda Türkiyə-İsrail-Azərbaycan strateji iqtisadi əməkdaşlığı daha da inkişaf edə bilər".

Çavuşoğlunun İsrailə səfəri və Türkiyə ilə İsrail arasında əsas mübahisə mövzusu olan Fələstin Qəzza və Qüds məsələsinə gəlincə, siyasi şərhçi bildirdi ki, iki ölkə arasında münasibətlər normallaşsa da Türkiyənin bu məsələlərdə mövqeyi çətin ki, dəyişsin: "Türkiyə üçün Fələstin qırmızı cizgidir. Məsələ ondadır ki, İsrail Prezidenti İshaq Hersoqun Türkiyəyə səfəri sonrası Prezident Ərdoğan mətbuata açıqlamasında Fələstin məsələsinə toxunmuşdu. Belə ki, o qeyd edib: "Əməkdaşlıq əlaqələrini yüksək dəyərləndirdik. Həmçinin Fələstin məsələsində həssaslığımızı bir daha açıq şəkildə ortaya qoyduq". Türkiyə Prezidenti bununla Fələstinin Türkiyə üçün hələ də qırmızı cizgi olduğunu bu məsələdə rəsmi Ankaranın mövqeyinin dəyişmədiyini göstərmiş oldu. İki ölkə münasibətləri normallaşsa da, Türkiyə üçün Fələstin hər zaman prioritet məsələ olaraq qalacaq. Hesab edirəm İsrail Fələstinə qarşı heç bir aqressiv siyasət tətbiq etməyəcəyi təqdirdə Türkiyə ilə münasibətlər əvvəlki səviyyəyə qədər inkişaf edə bilər. Görünür, İsrail tərəfi də Türkiyənin Fələstin həssaslığını anlayır və bunu nəzərə alır. Bunu İsrail Prezidenti İshaq Hersoqun mətbuata açıqlaması təsdiq edir. Belə ki, o, "Biz birlikdə gələcəyə baxmaq yolunu seçmişik. Anlaşmazlıqları gələcəyə baxaraq aradan qaldıracağıq" - deyib. Hersoqun timsalında deyə bilərik ki, rəsmi Təl-Əviv Ankara ilə mövcud gərginliyi hələ tam həll etməyib, amma gərginliyi davam etdirmək istəmir. Bu mənada gərginlik yaradan məsələləri zamana buraxır".

Nərgiz, 

SİTAT.İNFO



Xəbər xətti