"Ermənistanın mövqeyi hazırda Rusiyanın Ukrayna savaşı ucbatından düşmüş olduğu ağır vəziyyət ilə tənzimlənir. Rəsmi İrəvan Kremlin dünyadan təcrid olunmasını, savaş meydanında məğlub durumunu, Rusiya iqtisadiyyatının beynəlxalq sanksiyaların təsiri ilə çökmə mərhələsinə keçməsini nəzərə alır. Paşinyan hakimiyyəti artıq anlayır ki, belə ağır durumda olan və gələcək taleyi də müəmmalı xarakter daşıyan Rusiyanın dəstəyinə və himayəsinə ümid bəsləyib, arxayın olmaq Ermənistan üçün fəlakətlə nəticələnə bilər".
Bu fikirləri SİTAT.İNFO-ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
O bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana hərbi dəstək vəd edib: "Bir neçə gündən sonra isə Ermənistan baş naziri Nikol Paşinyan Rusiyaya səfər edəcək və prezident Vladimir Putin ilə görüşəcək. Ancaq buna baxmayaraq, baş nazir Nikol Paşinyan Rusiyaya güvənmədiyini biruzə verir. Erməni baş nazirin keçmişə yönəlik peşmanlığını dilə gətirməsi də əslində, həm də, dolayısı ilə Rusiyadan olan narazılığın ifadə olunbması anlamına da gəlir. Çünki, II Qarabağ savaşında Ermənistan nə Rusiyadan, nə də Kremlin nəzarəti altında olan KTMT-dan dəstək ala bilmədi. Daha doğrusu, Türkiyənin Azərbaycana israrlı siyasi dəstəyi Rusiyanın Ermənistana himayəsini boşa çıxartdı".
E.Xalidbəylinin sözlərinə görə, ona görə indi baş nazir Nikol Paşinyan Moskva səfəri öncəsində Azərbaycanla savaşa səbəb verdiyindən peşman olduğunu açıq şəkildə dilə gətirir: "Bununla da bir tərəfdən, Rusiyaya ümid olub, savaşa girməkdənsə, yeddi rayonu könüllü şəkildə Azərbaycana qaytarmadığına görə ciddi səhv buraxdığını etiraf edir. Digər tərəfdənsə, Ermənistan cəmiyyətində bundan sonra Rusiyaya ümid bəsləməyin tamamilə mənasız olduğuna eyham vurur.
Təbii ki, bu, rəsmi İrəvanın mövqeyinin ciddi şəkildə dəyişməkdə olduğunu göstərir. Paşinyan hakimiyyətinin bu mövqeyi həm Rusiyanın Ukrayna savaşında düşdüyü ağır durumla, həm də erməni baş nazirin Brüssel görüşündə Qərb siyasi dairələrindən aldığı mesajlarla birbaşa bağlıdır. Çünki baş nazir N.Paşinyan onu da bildirib ki, Qərb siyasi dairələri ona “artsax” məsələsində və Azərbaycanla sülh sazişinin hazırlanması prosesində rəsmi Bakı ilə anlaşmağı məsləhət görüblər. Onun dediyinə görə, Qərb siyasi dairələri onu Türkiyənin hərbi müttəfiqi olan Azərbaycanın ərazi bütövlüyünü tanımayacağı və ərazi iddialarında israr edəcəyi təqdirdə, yeni savaşın baş verə biləcəyi, Ermənistanın dəstəksiz, müdafiəsiz qalacağı barədə xəbərdar ediblər".
Siyasi şərhçi qeyd etdi ki, bu səbəbdən də indi baş nazir N.Paşinyanın Ermənistanın Azərbaycanla tez bir zamanda sülh sazişi imzalamasının vacibliyini vurğulaması qətiyyən təəccüblü deyil: "N.Paşinyan Ermənistan cəmiyyətinə təlqin etməyə çalışır ki, artıq Rusiyaya güvənib, Türkiyə və Azərbaycan ilə düşmənçilik xəttini davam etdirmək olduqca təhlükəlidir. Ən qısa zamanda hər iki qonşu ölkə ilə münasibətləri normallaşdırıb, Ermənistanı yeni savaş təhlükəsindən xilas etmək vacibdir.
Təbii ki, bu baxımdan, baş nazir Nikol Paşinyanın Azərbaycanla yekun sülh sazişi imzalamağa can atması tamamilə başadüşüləndir. Hətta Paşinyan hakimiyyətinin “artsax”dan tamamilə imtina etdiyi də inkaredilməz reallıqdır. Belə davam edərsə, yaxın vaxtlarda rəsmi İrəvan Azərbaycanın bütün tələblərini, o cümlədən, Zəngəzur dəhlizinin də rəsmi Bakının şərtləri çərçivəsində açılmasına razılır verəcək. Ümumiyyətlə, bundan sonra Ermənistanın rəsmi Bakının müəyyən etdiyi gündəlik üzrə hərəkət edəcəyi, yekun sülh sazişinin imzalanması üçün Azərbaycandan israrlı xahiş edəcəyi qətiyyən istisna deyil".
Xalidbəyli vurğuladı ki, bütün bunlar ABŞ və Qərbə tamamilə sərf edir: "Çünki məhz Azərbaycan-Ermənistan hərbi qarşıdurması Rusiyanın Cənubi Qafqazda qalmasını təmin edən əsas faktor rolunu oynayır. Yəni, əgər, bu hərbi qarşıdurma aradan qaldırılarsa, Cənubi Qafqazda rus sülhməramlılara və hətta Rusiyanın özünə də heç bir ehtiyac qalmaz. Ona gərə də, ABŞ vcə Qərb Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb, çıxartmaq üçün Azərbaycan-Ermənistan sülh danışıqları prosesini Rusiyanın nəzarətindən çıxartmağa çalışır. Böyük ehtimalla Kremldə Rusiyanın Cənubi Qafqazı tamamilə itirmək təhlükəsi ilə üzləşdiyini artıq anlamağa başlayıblar. Ona görə də, yaranmaqda olan situasiyadan narahat olan Kreml Ermənistana qarşı təzyiqləri yaxın vaxtlarda maksimum həddə qədər artırmağa çalışacaq. Kreml əlindən gələn hər şeyi edəcək ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesi iflasa uğrasın. Yəni, bundan sonrakı mərhələdə Rusiyanın bu prosesi pozmaq istiqamətində ciddi cəhdlər etdiyi müşahidə oluna bilər".
Nərgiz,
SİTAT.İNFO