"Prezident İlham Əliyev Nazirlər Kabineti ilə keçirdiyi son iclasda yenə süni qiymət artımından, natəmiz sahibkarların qiymətləri artırdığından danışdı. İllərdir yorulduq deməkdən ki, süni qiymət artımı varsa, ölkədə bazar iqtisadiyyatı yoxdur, süni qiymət artımı varsa, rəqabətli mühit yoxdur. Süni qiymət artımı etirafdır, ölkədə primitiv məmur-dövlət kapitalizm sisteminin olmasına işarədir".
SİTAT.İNFO xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Ekspertin sözlərinə görə, pərakəndə satışda süni qiymət artımı anlayışı olmur və bu mümkün deyil: "Ölkədə heç bir qanun sahibkara qiymət qoymaqda məhdudiyyətlər qoya bilməz. Sahibkarın yeganə öhdəliyi qazancdan vergi verməkdir – vəssalam. Yəni, pərakəndə satışla məşğul olan sahibkar 1 manata aldığını 5 manata da sata bilər, qazandığı 4 manatın bütün vergilərini verməlidir. Sadəcə rəqabətli mühit olanda heç kəs qiymətləri kəskin artıra bilmir. Ölkədə yalnız Tarif Şurasının təyin etdiyi, dövlət tərəfindən tənzimlənən qiymətlərdə süni artım anlayışı ola bilər. Məsələn, Aİ 92 1 manatdır, hansısa yanacaqdoldurma stansiyası bunu 1 manat 20 qəpiyə satsa, bu qanun pozuntusu, süni qiymər artımıdır".
N.Cəfərli vurğuladı ki, süni qiymət artımını monopolist statusa malik olan biznesmen məmurlardır: "Dövlətin vəzifəsi, işi sahibkara “natəmiz”, və ya “işbaz” demək deyil. Əslində işbaz çox yaxşı sözdü – işini sevən anlamına gəlir. Dövlətin vəzifəsi sahibkarlar üçün ədalətli hakim və tənzimləyici rolunda olmaqdır. Süni qiymət artımı məmurların himayəsində olan iri holdinqlərdə, şirkətlərdə ola bilər. Əgər “natəmiz” onlardırsa, məmurları biznesdən qoparsınlar, topdansatış bazarına nəzər yetirsinlər. Prezident hər dəfə süni qiymət artımından danışanda, məmurlar nəzarəti artıracaqlarını deyəndə bu sonda kiçik sahibkarların başında çartlayır, onları qanuni-qanunsuz cərimələyirlər, bununla da iş bitir".
İqtisadçının fikrincə, məmləkətdə qiymət artımının səbəbləri çoxdur: "Obyektiv səbəb dünyada da qiymətlərin artması, logistikanın bahalaşmasıdır. Subyektiv səbəblər isə məmur biznesi, inhisarçılıq, gömrük və vergi orqanlarının anormal fəaliyyətidir . Hər ay Gömrük Komitəsinin rəhbəri fəxrlə açıqlama verir ki, bu ay flan qədər plandan artıq pul yığmışıq. Adam elə bil kolxoz sədridir, pambıq yığır. Hələ də anlamırlar ki, gömrük-vergiyə ödənilən hər manat bizim, istehlakçının cibindən çıxır.
Bu gün qısa vadədə qiymətlərin azaldılmasının və ya heç olmasa artımın qarşısının alınmasının tək yolu əsas ərzaq malları və dərman pereparatlarında gömrük rüsumlarının sıfırlanması, ƏDV-nin isə ləğv edilməsidir. Orta-uzun vadəli yolu isə yerli istehsalın yaranması, artırılması, ədalətli rəqabətli mühitin formalaşdırılmasıdır"ş
Nərgiz,
SİTAT.İNFO