Azərbaycanda iki məhkəməyə xanım sədr təyin olundu

15:30 8 Aprel 2024

Günel Əkbərli Hacıqabul Rayon Məhkəməsinin hakimi və sədri, Gülnar Səfərəliyeva isə Naxçıvan şəhər Məhkəməsinin sədri təyin edilib.

Sitat.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin aprelin 8-də imzaladığı "Bir sıra məhkəmələrin sədrlərinin, məhkəmə kollegiyaları sədrlərinin və birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında" sərəncamında qeyd olunub.

Qeyd edək ki, G. Əkbərli 1983-cü ildə Bakı şəhərində anadan olub. O, 2011 – 2017-ci illərdə Bakı şəhər prokurorunun İctimaiyyətlə əlaqələr üzrə köməkçisi, 2017 -2018 Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin prokurorluq orqanlarının fəaliyyətinin təşkili kafedrasının müəllimi-prokuroru, 2021-ci ildən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb.

G. Səfərəliyeva isə 1988-ci ildə anadan olub. O, 2010 – 2018-ci illərdə Naxçıvan MR Ali Məhkəməsində məsləhətçi-məhkəmə iclas katibi, 2021– ci ildən isə Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin hakimi vəzifəsində çalışıb.



Xəbər xətti